Azərbaycan Rusiyadan hərtərəfli gözlənti içindədir– ÖZƏL
16:40 Siyasət"SSRİ rəhbərliyi azərbaycanlılara qarşı qərəzli münasibət sərgiləyirdisə, əksinə ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsinə göz yumur, hətta bəzi məsələlərdə bilavasitə dəstək də verirdilər. Bax, biz bütün bu reallıqları özümüzdən sonrakı nəslə aşılamalıyıq. İndiki reallıq isə odur ki, 20 yanvar hadisələrinə hələ də hüquqi qiymət verilməyib. Yəni, baxmayaraq ki, Azərbaycan dəfələrlə müraciətlər ünvanlayıb bu cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar. Düşüncəm, eyni zamanda əminliyim bu istiqamətdədir ki, dövlətimiz bütün bu məsələlərə kompleks və silsilə yanaşma tətbiq edir. Azərbaycan əvvəlki Azərbaycan olmadığı kimi, dünya nizami da bütün cəhd edilən hərəkətsizliyə, ətalətə, habelə bəzi aktorların və subyektlərin prosesi saxlamaq, tormozlamaq istəklərinə rəğmən dəyişir".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bu cür insanlıq əleyhinə cinayətlərdə sərgilənən mövqe isə beynəlxalq təşkilatların ikili standartlarını və qərəzli mövqeyini açıq şəkildə nümayiş etdirir. Necə ki, 20 yanvar hadisələri bizim iradəmizi qıra bilmədi, bu xalqın yetişdirdiyi böyük siyasətçi Ümummilli Liderimiz Heydər Əliyev həyatı bahasına başa gələcək risklərə rəğmən cəsarətli və qəti mövqe nümayiş etdirdisə, həmin xalqın yetişdirdiyi nəslin bu reallıqlara hüquqi qiymət verilməsinə nail olmaq istiqamətində atılan qətiyyətli addımlarının qarşısını ala bilməyəcəklər. Vaxtında mənfur cinayətlər törətmiş şəxslər haqqında hüquqi ölçü götürülsə idi, sonrakı dönəmdə, indi də həmin revanşist və faşizm üzərində qurulmuş siyasət davam etməzdi. Necə ki, 20 yanvarı törətməklə SSRİ-nin siyasi və hüquqi dayaqları laxladı, cari siyasətdə də Azərbaycana qarşı münasibətdə belə səhvlərə yol verilməməli və yaxud da Rusiya mediasında "Komsomolskaya pravda"nın sifarişli mirzəsi vasitəsilə cəfəng fikirlər uydurulmamalıdır. Azərbaycanı isə hədələmək ümumiyyətlə, əsla, bütövlükdə yolverilməzdir. Düşmənin çox olduğu, çoxaldığı zamanda nəinki Azərbaycanı düşmənlər sırasına çəkmək, durduğu mövqeyi dəyişməyə, ona məcbur etməyə cəhd belə göstərilməməlidir. Nəinki Ukrayna ilə müharibə səbəbindən, hətta ifadələrin yanlış seçilməsi ucbatından belə ciddi ölçülər götürülürdüsə, niyə Federal Təhlükəsizlik Xidməti azərbaycanıları təhqir edənlərlə bağlı da müvafiq addımlar atmır? Azərbaycan cəmiyyəti ilk anlardan belə təhqir etmədi, belaltı ifadələrə müraciət etmədi, təbii olaraq, sadə hüquq kimi sadə formada sorğuladı. Dövlət başçımız da haqlı olaraq məsələyə hərtərəfli qiymət verilməsinin əhəmiyyətini diqqətı çatdırdı. "Aşığın sözü bitəndə dalay-dalay deyər". Biz Rusiyadan dalay-dalay yox, məsələnin məğzindən yayınmamağı istəyirik. Hər mənada ucuz şounun dadı olmaz. Sovet təfəkkürünün propaqandasını belə iyrənc formada aparmaqdansa, birlikdə, birgə və bütünlüklə xalqlar dostluğunun siyasi praktika müstəvisində uğursuzluğuna rəğmən Azərbaycan ikitərəfli qaydada, ayrılıqda və xüsusilə Rusiyadan hələ də hərtərəfli gözlənti içindədir".
Zeynəb Rzayeva