Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Gürcüstanda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tədbirlər planı çərçivəsində yanvarın 18-də səfirliyin məsul əməkdaşları, Marneulidəki "Çay Evi"nin ("Tea House") müəllim və şagirdləri rayonun Alget kəndində 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş abidəni ziyarət ediblər.

"Çay Evi"nin rəhbəri Emin Əhmədov, səfirliyin hərbi attaşelik aparatının rəhbəri polkovnik Kamil Əfəndiyev, aktual.ge portalının baş direktoru İlkin Hüseynov və başqaları çıxış edərək 20 Yanvar faciəsinin baş vermə səbəbləri və nəticələri barədə ətraflı danışıblar. Bildirilib ki, 9 Aprel və 20 Yanvar hadisələri hər iki xalqın azadlıq uğrunda mübarizəsinin parlaq qələbəsi ilə nəticələnib. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını unutmur və onların əziz xatirəsini əbədi olaraq qəlblərində yaşadacaqlar.

Qeyd edək ki, abidə 1990-ci illərdə Alget kəndi sakinləri tərəfindən ucaldılıb. 2025-ci ilin yanvar ayının əvvəlində Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın birgə dəstəyi ilə abidənin ətrafında təmir və bərpa işləri aparılıb.

Daha sonra səfirliyin əməkdaşları və mətbuat nümayəndələri rayonun Kirəc Muğanlı kəndində 20 Yanvar şəhidi Vəfadar Eminovun doğulub böyüdüyü evə baş çəkib, şəhidin ailə üzvləri və yaxınları ilə söhbət ediblər.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, şəhidin qohumu Hüseyn Yusifov şəhidin həyat yolu barədə danışıb.

H.Yusifov   deyib ki, Vəfadar Eminov hələ məktəbdə oxuduğu vaxtlarda xalqa, vətənə sevgisi ilə seçilirdi.

Bakı Dövlət Universitetinə qəbul olunduqdan sonra o, azadlıq hərəkatına qoşulub və fəal üzvlərindən olub. V.Eminov 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusu əsgərlərinə qarşı mübarizədə öndə olub. 1990-cı il yanvarın 22-də yaralılar üçün qanvermə aksiyasında iştirak edib, xəstəxanadan çıxanda mənfur düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Görüşdə bildirilib ki, şəhidin bacısı Gülnarə Musayeva və Almaz Həsrətin birgə müəllifliyi ilə şəhidlərimizə həsr olunmuş "Xarıbülübülün qərənfilə müjdəsi" kitabı işıq üzü görüb.

Kitabda 20 yanvar şəhidləri, eləcə də Vətənimizin əsrarəngiz gözəlliklər diyarı olan Qarabağın coğrafi mövqeyi, mədəni, tarixi, dini abidələri barədə ətraflı məlumat verilir.

Şəhidin ailə üzvləri göstərilən diqqət qayğıya görə, Azərbaycan Prezidentinə və səfirliyinə minnətdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31