Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
14:54 SiyasətAzərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirib.
Mərkəzdən bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbirdə çıxış edərək, 20 Yanvar faciəsindən danışıb. "Qanlı Yanvar hadisələri SSRİ-nin dağılması prosesində dönüş nöqtəsi və Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən Azərbaycanda 147 mülki şəxs qətlə yetirilib, 744 günahsız mülki şəxs yaralanıb, onların bir çoxu əlil qalıb. Ermənistanın təcavüzkar hərəkətlərinə, eləcə də SSRİ rəhbərliyinin Cənubi Qafqazdakı hadisələrə qarşı qərəzli münasibətlərinə etiraz edən kütlələrin genişmiqyaslı çıxışlarının yatırılması üçün sovet ordusunun hissələrinin Azərbaycan şəhərlərinə daxil edilməsi faciəyə səbəb olub. Xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. 20 yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir",-deyə səfir əlavə edib.
Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov qeyd edib ki, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxıb.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıblar, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyiblər.
Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri Qanlı Yanvar faciəsinə dair şeirlər söyləyiblər.