Paşinyanın Qərbə yönələn siyasəti uğursuzluğa məhkumdur– ÖZƏL
17:48 Siyasət"Ümumiyyətlə, Paşinyanın həyata keçirdiyi dövlət siyasəti onu deməyə əsas verir ki, Ermənistanın hazırkı iqtidarı Rusiyanın qlobal qarşıdurmalarda məğlub olacağını düşünür və onun regiondakı əsas havadarının Rusiya olduğunu nəzərə alaraq, özünü məhz Moskvanın məğlub olacağı ehtimalına hazırlayır. Buna görə də indidən havadar axtarışına çıxıblar. Ümumiyyətlə, Paşinyan düşüncə etibarilə Qərbdən gələn demokratiya məfhumu ki var, bu yolla hərəkət edən və öz siyasi addımlarını bu yolda reallaşdıran biridir. Həmçinin dediyim kimi, Rusiyanın da məğlub olma ehtimallarını düşünərək artıq Ermənistanın dırnaqarası dövlət müstəqilliyini qorumaq üçün yeni havadar axtarışına çıxıblar. Əvvəl bunu Fransa ilə etməyə çalışdılar, gördülər ki, Fransa heç də Cənubi Qafqaza müdaxilə edəcək qədər ciddi bir fiqur deyil".
Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Ümumiyyətlə, Fransa özü dünya siyasətində artıq təklənir, uduzur və əvvəlki qədər aktiv rol oynaya bilmir. Daha sonra Hindistanla müəyyən əlaqələr gördük. Amma nəzərə almaq lazımdır ki, Hindistan özü həm xarici siyasətində kifayət qədər problemlər yaşayan bir ölkədir, həm də onun Cənubi Qafqaza təsir etmək imkanları hətta Fransadan da geridir. Məhz belə olan halda indi Paşinyan administrasiyası Amerikanı Cənubi Qafqaza gətirməyə çalışır. Nəyə görə? Çünki Amerika həqiqətən etiraf etmək lazımdır ki, hazırda dünyanın bütün sahələrdə ən güclü, ən inkişaf etmiş dövlətidir və o, dünya siyasətində ən aktiv oyunçudur və bir çox bölgələrdə onun sözü həlledicidir. Paşinyan görür ki, Cənubi Qafqazda Amerika hələ rol ala bilmir. Yəni hər nə qədər Amerika güclü və bir çox regionlarda həlledici aktor olsa da, Cənubi Qafqazda Amerika Birləşmiş Ştatları heç kimdir və onun buraya təsir etmə mexanizmləri çox aşağı səviyyədədir. Paşinyan Amerikanı buraya gətirməklə onun dünyəvi gücü fonunda Cənubi Qafqazda yeni bir güc mərkəzi yaratmağa çalışır. Bu mümkün olacağı təqdirdə, bəli, Paşinyan üçün, yəni Ermənistan dövləti üçün müstəsna üstünlüklər vəd eləyə bilər. Amma gəlin, baxaq görək bu özü mümkündürmü? Mən düşünürəm ki, indiki reallıqda hər nə qədər Rusiya zəifləməyə doğru yol alsa da, eyni zamanda İran Yaxın Şərqdə baş verənlər səbəbilə ciddi güc itkisi yaşasa da və hətta onun artıq dağılması, parçalanması versiyaları ön plana atılsa da, Cənubi Qafqaz sadəcə bu iki dövlətin təsir mərkəzi deyil. Ümumiyyətlə, son 30 il ərzində biz artıq görürük ki, Cənubi Qafqazda Rusiya və İran bir növ uduzmağa doğru gedirlər və onların təsirləri azalır. Belə olan halda Azərbaycan və Türkiyə reallığı Cənubi Qafqazda ön plana çıxırdı ki, Paşinyanın niyyətlərinin baş tutması məhz bu nöqtədə mümkün görünmür. Çünki Amerika Birləşmiş Ştatları hər nə qədər regionun böyük dövləti olsa da, onun həm Yaxın Şərqdə Türkiyəsiz, Cənubi Qafqazda isə Azərbaycan və Türkiyə tandemi olmadan heç bir şəkildə mümkün deyil. Məhz bu nöqtədə Paşinyanın o ənənəvi erməni siyasəti ki, var: "Ayaqda dura bilmirik, özümüzə havadar tapaq"- növbəti illər ərzində də uğursuzluqla üzləşəcək. Çünki Paşinyan özü rusları geri çevirir. İran bir müddətdən sonra Paşinyanın bu addımlarından narahat olmağa başlayacaq. Amma bunların qarşılığında Amerika simasında yeni bir güclü havadar tapmaq niyyəti isə düşünürəm ki, geosiyasi reallıqlar səbəbindən, yəni Amerikanın özünün xarici siyasətinin problemlərlə dolu olduğu bir vaxtda onun zaman-zaman Azərbaycan və Türkiyəyə ehtiyac duyacağı kimi reallıqlar fonunda qeyri-mümkün olacaq".
Zeynəb Rzayeva