Belə bir şəraitdə Ermənistanın saziş imzalaması bizi narahat etmir - ÖZƏL
16 Yanvar 2025 15:18 Siyasət"Amerika Birləşmiş Ştatların Güney Qafqazın ən zəif həlqəsi sayılan Ermənistandan belə bərk-bərk yapışması, əslinə qalanda, bu super dövlətin nə qədər çətin duruma düşməsinin göstəricisidir. Yəni Güney Qafqazda üç müstəqil dövlətdən ən güclüsü, ən strateji əhəmiyyətlisi təbii ki, Azərbaycan Respublikasıdır. Əslinə qalanda, Amerika Birləşmiş Ştatları Azərbaycandan bərk yapışmalı idi. Amma bunlar Azərbaycanı öz istədikləri kimi dizə gətirə bilmədiklərinə görə ən zəif halqa olan Ermənistandan yapışmalı oldular. Gürcüstan da əldən çıxıb, Amerika Birləşmiş Ştatları üçün. O baxımdan bunlar Ermənistanla belə bir saziş imzalayırlar".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, bu, regionda müəyyən müzakirələrə səbəb olacaq, artıq olmaqdadır. Bəzən hətta bizdə də, Azərbaycanda da insanların bir qismi düşünür ki, bu, Ermənistanın əlini ciddi şəkildə gücləndirəcək və Azərbaycan üçün ciddi təhdiddir. Şəxsən mən belə düşünmürəm, bunun əksini düşünürəm. Çünki Amerika Birləşmiş Ştatları hazırda Rusiyanın tapdağı altında qalmış Ukrayna ilə də 15 il bundan öncə tərəfdaşlıq sazişi bağlamışdı. Eyni zamanda torpağının bir hissəsini Rusiyanın işğal etdiyi Gürcüstanla da strateji tərəfdaşlıq haqqında saziş imzalamışdı və göründüyü kimi, Amerika Birləşmiş Ştatlarının bu sazişi o ölkələrin heç birinin işinə yaramadı. Yəni Ukrayna torpaqlarını Rusiya işğal etdi, Gürcüstan torpaqlarını da işğal etdi və bütün dünya yığılıb Rusiyaya qarşı heç nə edə bilmir. Belə bir şəraitdə Ermənistanın durub strateji tərəfdaşlıq sazişi imzalaması təbiidir ki, bizi narahat edəcək məsələ deyil. Sadəcə ədalətsizlik var, haqsızlıq var bu məsələdə. Çünki belə bir sazişdən Azərbaycana qarşı istifadə etmək istəyəcəklər. Bu, bizi narahat edir. Yoxsa Ermənistanın əlinin güclənməsi guya nə demək olacaq? Təbiidir ki, güclü bir dəyişiklik baş verməyəcək".