Gələnə baxmaq, daha dəqiq fokuslanmaq lazımdır– ÖZƏL

"Ermənistanın xarici siyasətdə atdığı addımlar sadəcə regional aktorlar, qlobal aləm tərəfindən müəmmalı, bulanıq qarşılanmır, mövcud addımlar, həmçinin ictimaiyyətdə narahatlıqlar doğurmaqla da kifayətlənməyib, hakim "Vətəndaş Müqaviləsi" partiyasında da ciddi fikir ayrılıqlarına yol açıb. Belə ki, bir çox deputat xarici siyasətdə atılan addımları "təhlükəli nəticələri olan macəra"  kimi xarakterizə edir. Aİ-yə üzvlüklə bağlı qanun layihəsinin mətni hakim partiyada məsxərə predmetinə çevrilsə də, Ermənistan anlamalıdır ki, böyük siyasətdə zarafatlara yer yoxdur. Məsələn, Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Ermənistanla bağlı son dərəcə kəskin, açıq mövqe ortaya qoyması kifayət etməli idisə, Serqey Lavrovun açıqlamaları Ermənistanı yenidən dəqiq hesablamalar etməyə vadar qoymalı idi".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistanla ABŞ arasında imzalanan sənəd bəzi ekspertlər tərəfindən hər nə qədər deklorativ formalı sənəd kimi dəyərləndirilsə də, bu sadəcə komissiyanın yaradılmasını ehtiva edən razılaşma olsa da, onu mütləq qeyd edək ki, zamanında məsələn Qazaxıstanla da komissiya yaradılmışdı, daha ağır məzmunlu, eynilə analoji saziş isə Ukrayna və Gürcüstanla imzalanmışdı. Yəni, bu sənəddə də müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa dair xüsusi bölmə mövcuddur. O ölkələrlə bağlı hadisələrin axarı və nəticəsi dünyaya məlumdur. Qaldı ki, bu sənəd nə vəd edir? Bəli, burada o fikirlə razıyam ki, bunun Ermənistana keçici bəlkə nəsə, konkret isə heç nə verməyəcəyidir. ABŞ Dövlət katibi Antoni Blinkenin sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə əlaqədar məsələləri vurğulaması, Ararat Mirzoyanın şəninə təriflər yağdırması da işin qaymağı olub, Ermənistanın qolunun altına qarpız veribsə, Qərbə, ələlxüsus da ABŞ-yə yolunmuş Ermənistan yox, yeraltı və yerüstü sərvətlərlə zəngin, hər baxımdan mərkəz olan Mərkəzi Asiya lazımdır. Deməli, "Ermənistan yoxsa Azərbaycan dividendlər vəd edir?" sualının cavabı məlumdur. Sənəd çaxnaşma salmaq üçün, Rusiyaya təzyiq, İrana nəzarət baxımından lazımdırsa, Ermənistan da gethagetdə Baydenə əl-ayağını mükafatlara qərq etmək istədiyi Sorosu regiona yenidən sızdırmaq  üçün lazımdır. Özünün və əlaltılarının səsi getdikcə daha çox boğulur, kəsilir axı. Böyük dövlətlər isə alət və vasitələrdə deyil, açarlarda maraqlı olur. Ermənistan isə yalnız bu subyektiv kateqoriyada birinci, Azərbaycan ikinci yerdə olmaqla qərarlaşıb. ABŞ ilə yeni administrasiyanın gəlməsinə sayılı günlər qalmış imzalanan istənilən sənəd indiki məqamda Ermənistanı sevindirsə də, zaman ötdükcə boynuna daha bərk dolanacaq. Daha vacib bir məqam ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyinin həm də İranla bağlı olmasıdır. İranla Rusiya arasında imzalanan sənəd ABŞ-ni vadar edir ki, İran sərhədinə yaxın gəlməklə Rusiya-İran münasibətlərinin dərinləşməsi nəzarətini, onun müşahidəsini əlindən verməsin. Baydenin, Blinkenin hansı tərəfdə durduğu bir daha görünsə də, gedənə deyil, gələnə baxmaq, daha dəqiq fokuslanmaq lazımdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31