Ombudsman beynəlxalq təşkilatlara azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı çağırış edib

300 minə yaxın azərbaycanlının indiki Ermənistan ərazisindən qovulması dünyada presedenti olmayan ədalətsiz qərar kimi pislənilməli, onların ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmini daim beynəlxalq ictimaiyyətin diqqətində olmalı, bu vəziyyətin davam etməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul edilməlidir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beynəlxalq təşkilatlar, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatlarına açıq məktubunda bildirib.

Ombudsmanın həmin təsisatları sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədilə aşağıdakı məsələlərlə bağlı qəti addımlar atmağa çağırıb:

1. Ermənistanın sabiq prezidentinin etiraflarında yer alan dəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədə təsirli tədbirlərin görülməsi;

2. Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi və etnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımı aktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öz tarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezliklə bərpa olunmasına dəstək göstərilməsi;

3. İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalq hüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq və azadlıqlarının qorunmasına təminat verilməsi;

4. Azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəlif təyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlara vurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınması səbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi, mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərin qarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistan hökuməti tərəfindən təmin edilməsi;

5. İndiki Ermənistan ərazisində və işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində azərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrin Ermənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinə məruz qalmasının beynəlxalq cinayət kimi qiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılması;

6. Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi, etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdən çəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasına yol verilməsinin qarşısının alınmasının tələb edilməsi;

7. Azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslin formalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağan edilməsi;

8. Dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılara və Azərbaycana qarşı nifrət zəminində çıxışlarına son verilməsi.

Səbinə Əliyeva beynəlxalq insan hüquqları təşkilatları, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları, bütövlükdə isə dünya ictimaiyyətinin bu məsələyə ciddi yanaşacağı və Azərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətli şəkildə araşdırılması, həmçinin azərbaycanlıların hüquqlarının bərpasına öz dəstəyini əsirgəməyəcəklərinə ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31