Azərbaycan yeni dünya nizamının fəal iştirakçısına çevrilib
13:57 Siyasət"Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlər olduqca önəmlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib: "Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq".