Kiçik ada dövlətləri iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalır- ÖZƏL
11:37 Siyasət"COP29 çərçivəsində noyabrın 13-də həyata keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində ölkə Prezidentimiz cənab İlham Əliyev Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxdığını vurğulayıb: "Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ölkələrdir. Bu məsələ kiçik ada dövlətlərinin ən ağrılı problemlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit zamanı çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətinə diqqət çəkməsi hər kəs tərəfindən rəğbətlə qarşılandı. Ölkəmizin Prezidenti qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşən kiçik ada dövlətlərin səsini prioritetləşdirdi, inkişaf etmiş dövlətlərə çatdırdı".