Erməni diasporunun əsiri: Frank Peloninin Azərbaycana yönəlik münasibəti dəyişəcəkmi? – ÖZƏL
15:35 Siyasət"Frank Peloni Azərbaycana qarşı kifayət qədər qərəzli mövqeyi ilə seçilən bir siyasətçidir və dəfələrlə olub ki, Azərbaycanı müxtəlif məsələlərdə ittiham edib. Xüsusən ermənipərəst mövqeyi ilə tanınır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Frank Peloni ümummilli lideri Heydər Əliyev Azərbaycan prezidenti olarkən Azərbaycana səfər etmişdi və Heydər Əliyev ABŞ konqresmenləri ilə görüşdə onun mövqeyi ilə bağlı öz iradlarını bildirmişdi. Azərbaycanın dövlət rəsmiləri o dövrdə Heydər Əliyevin tapşırığı əsasında Frank Pelonini qaçqın şəhərciklərində gəzdirmişdilər. Ermənilərin törətdiyi vəhşiliklərlə onu tanış etmişdilər. Həmin dövrdə qaçqınlar ağır vəziyyətdə yaşayırdılar, qaçqın düşərgələri var idi. Frank Peloniyə bunlar göstərilmişdi. Həmin zaman gördüyü hadisələrə qiymət verdi, amma yenə də ABŞ-ə qayıtdıqdan sonra öz mövqeyindən çəkilmədi, davam etdirdi. Onun timsalında yenidən Azərbaycana qarşı qərəzli açıqlamaların şahidi olduq. Bu dəfə də COP29 tədbirində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Görünür, Azərbaycanda bu cür qarşılanacağını hesablamayıb".
Siyasi şərhçi qeyd edib ki, Peloni ölkədə keçirilən COP29 tədbirinə görə rahat şəkildə Bakıya gəlib:
"Xüsusilə də ölkədə COP29 tədbirinin olması onu rahat salıb ki, Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe Azərbaycan ictimaiyyətinin yadından çıxacaq. Buna görə də çox rahat şəkildə Bakıya gəlmişdi. Xüsusilə nəzərə alaq ki, Peloni iqlim dəyişmələri ilə bağlı məsələlərdə aktiv konqresmendir. Gəlmişdi ki, burada iştirak eləsin, çox rahat idi. Azərbaycan ictimaiyyəti onun səfərinə çox güclü şəkildə etiraz göstərdi. Gözləmədiyi bir münasibətlə qarşılaşdı və çıxıb getdi.
Heç bir halda bu səfər ABŞ-də olan siyasətçilərin, həmçinin Frank Peloninin görüşlərinə təsir etməyəcək. Hətta mən deyərdim ki, ölkəmizə qarşı olan mənfi münasibəti yenə də davam etdirəcək. Nə qədər izah etməyə çalışsaq, göstərməyə çalışsaq da, istər ABŞ, istər Fransa, istər Avropadakı siyasətçilər erməni diasporunun təsiri altındadır. Onların pulu, onların siyasi karyerası erməni diasporunun dəstəyi altında formalaşır. ABŞ-də Azərbaycan əleyhinə danışan konqresmenlər, hər konqresə seçkilər olanda erməni diasporunun dəstəyi olmasa, kənarda qalar, seçilə bilməzlə. Öz siyasi həyatlarını qurtarmaq, özlərinə yeni maddi imkanlar qazanmaq üçün bu cür iyrənc yollara əl atırlar. Buna görə də həmin xətt yenidən davam edəcək və heç bir yumşalmadan söhbət gedə bilməz. Azərbaycan ictimaiyyəti olaraq həmin şəxslərdən belə bir şey gözləmirik. Artıq vicdanlarını erməni diasporuna satıblar. Faktiki olaraq erməni diasporunun əsiridirlər".