Bəşəri problemlər Aİ-ni narahat etmir- ÖZƏL
6 Noyabr 22:41 Siyasət"Avropa Komissiyasının rəhbəri Ursula fon der Layenin mətbuat xidmətinin rəhbəri bəyan etdi ki, o, Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Səbəb kimi Brüsseldəki siyasi prosesləri göstərdi. Onun başı guya oradakı siyasi proseslərə, onun yeni yaranmış komissiyasındakı məsələlərə qarışıb".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu, tamamilə bir bəhanədir. COP29 miqyasına, müzakirə olunacaq mövzulara, qlobal təhlükəsizliyi hədəf alan təhdidlər və o təhdidlərin həlli baxımından kifayət qədər mühüm bir təhdiddir. Belə bir tədbirdə Avropa Komissiyasının rəhbərinin iştirak etməməsi bir daha onu göstərir ki, bəşəri problemlər Aİ-ni narahat etmir. Reallıq ondan ibarətdir ki, iqlim dəyişikliyi dünyanın hər nöqtəsini eyni dərəcədə təhlükəyə salır. Bununla bağlı dünyanın bütün ölkələri səfərbər olmalıdır. Azərbaycanın da məqsədi həm dünya ölkələrini iqlim dəyişikliyi ilə mübarizədə səfərbər etmək, eyni zamanda da qlobal sülh gündəliyini irəli atmaq və dövlətlərin bu gündəliyə riayət etməsinə vəsilə olmaqdır. Azərbaycan COP29 ərəfəsində qlobal atəşkəs çağırışı elan etdi. Bu COP tarixində görünməmiş bir hal idi. Bütün bunların fonunda Azərbaycanın addımları Qərb tərəfindən lazımi səviyyədə qiymətləndirilmədi. Əksinə, Fransanın timsalında həmin ölkələrdən Azərbaycana qarşı qarayaxma kampaniyası sürdürüldü. İstənilən halda Avropa Birliyinin komissiyasının rəhbəri fon der Layen iştirak etsə də, etməsə də Azərbaycan bu tədbiri çox yüksək səviyyədə həyata keçirəcəkdir. Tədbirdə iqlim dəyişikliyi, qlobal təhlükəsizliyi təhdid edən digər problemlərlə bağlı vacib qərarlar qəbul olunacaq və Azərbaycan növbəti dəfə regional və qlobal sülhə öz töhfəsini vermiş olacaqdır".
Zeynəb Rzayeva