Fransız kəşfiyyatının sərhəd fəaliyyəti: Cənubi Qafqazda sülhə yeni təhdid? - ÖZƏL

"İndiyə qədər diplomatik müstəvidə təxribat aparılırdısa, biz artıq bu gün Azərbaycanla sərhəd bölgədə, yəni Ermənistan tərəfdə fransız kəşfiyyatçılarının müşahidə apardığının şahidi oluruq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Avropa İttifaqının müşahidə missiyasına 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada Azərbaycan tərəfindən icazə verilmişdi. Həmin müşahidə missiyasının müddəti iki ay olmalı idi və orada istefaya çıxmış hərbçilər təmsil olunmalı idi. Ancaq Ermənistan qanunsuz şəkildə bu müşahidə missiyası adlanan qrupun səlahiyyət müddətini iki ilə çatdırdı və indi onların yanında biz Avropa İttifaqının bayraqları, hərəkət edən avtomobillərlə bərabər, eyni zamanda fransız bayrağı ilə hərəkət edən avtomobillər və müşahidə missiyasının üzvləri yanında mülki şəxsləri də görürük. Onların Fransa kəşfiyyatının adamları olduğu bildirilir. Bu, şübhəsiz ki, rəsmi Parisin Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş ən böyük təhdidlərindən biridir və görünür ki, Fransa heç bir vəchlə Azərbaycanın öz torpaqlarını azad etməsini qəbul etmək istəmir və ona Avropa İttifaqı da qoşulub. Bu qurumlar, şəxslər əllərindəki bütün mümkün vasitələrlə çalışırlar ki, münaqişə yenidən alovlansın və bu dəfə Ermənistanın üstünlüyü təmin edilsin. Şübhəsiz ki, Azərbaycan hər dəfəsində buna öz münasibətini bildirib. Sadəcə olaraq bununla bağlı praktiki addımlar atılmır. Azərbaycanın da öz səbrinin kasası var və lazım olduqda praktiki şəkildə də bu qurumlara cavab veriləcək. Ermənistanın isə etdiyi təbii ki, ikiüzlülükdür. Bir tərəfdən sülh münaqişəsinin həlli ilə bağlı açıqlamalar verir, əldə olunması üçün səylər göstərdiyini bəyan edir, digər tərəfdən isə Azərbaycana qarşı bu cür çirkli oyunların başında gedir. Bu, sülh müqaviləsinin imzalanmasını ertələyən məsələlərdən biridir və rəsmi İrəvan bu məsələdə kifayət qədər ehtiyatlı olmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31