Ermənilərlə anlaşa biləcəyimiz təqdirdə Fransa oyundan kənar vəziyyətdə qalacaq - ÖZƏL

"Fransanın dərdi əlbəttə ki, Azərbaycana nəzarəti ələ keçirməkdir. Yəni Fransa istəyir ki, Azərbaycan kimi kifayət qədər təsir imkanları olan bir dövlət onun çaldığını oynasın".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Azərbaycan dövləti və onun rəhbərinin iradəsi əlbəttə ki, buna qarşıdır və heç bir şəkildə biz buna yol verə bilmərik. Ona görə də Fransa Güney Qafqazın ən zəif bəndi olan Ermənistandan bərk-bərk yapışıb, onu bizə qarşı istifadə etməyə çalışır. Nəticə isə hər zaman ermənilərin zərərinə olur, eyni zamanda onun arxasındakı fransızlara da. Yəni biz bu durumdan o qədər də narahat deyilik, sadəcə qanqaraçılıq olur, könül bulandırmalar olur və s. Ermənistanla, bütövlükdə ermənilərlə anlaşa biləcəyimiz təqdirdə artıq Fransa oyundan kənar vəziyyətdə qalacaq. Son vaxtların gedişatı onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunun fərqindədir və mümkün qədər Fransanı kənarda tutmağa çalışır. Sadəcə olaraq bunu tam olaraq bacara bilmir. Yəni Fransa o qədər erməni cəmiyyətinə və dünya erməniliyinə nüfuz edib ki, Nikol Paşinyan təkbaşına qərar verib Fransadan birdəfəlik yaxasını qurtara bilməz. Bu, onun özü üçün siyasi karyerası üçün zərərli ola bilər. Ona görə belə bir durumdayıq. Amma yenə deyirəm, biz bundan çox da narahat deyilik. Fransanın bizə edə biləcəyi bir şey yoxdur. Azərbaycan dəfələrlə bunu beynəlxalq platformalarda göstərib, bundan sonra da göstərə biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31