Qərbin Cənubi Qafqazdakı yeni siyasəti: İkinci Qarabağ müharibəsindən sonra artan təsir və təzyiqlər- ÖZƏL

"Başda ABŞ və Fransa olmaqla ümumilikdə Qərbin Cənubi Qafqaz siyasəti İkinci Qarabağ müharibəsindən sonra açıq xarakter almağa başladı. Rusiya-Ukrayna müharibəsi fonunda tərəflərin müəyyənləşdirilməsi dünyada olduğu kimi, regionumuzda da ayrıcı xətləri daha aydın şəkildə göstərdi"

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Üçüncü ölkələrdən Rusiyaya qarşı istifadə etməyi xarici siyasət trayektoriyasında prioritetlərdən sayan kollektiv Qərb bu istiqamətdə, sadəcə, Ermənistan vasitəsilə öz məqsədlərinə nisbətən çatdı. Gürcüstanda uzunmüddətdir planlaşdırdığı idarəçilik sisteminə öz maraqlarına uyğun olan şəxslərin gəlməsinə tam nail olmayan ABŞ-ın Tiblisidən ümidləri üzüldü. Bu səbəbdən də Azərbaycanın dünyada öz balanslı və neytral əsaslı diplomatiyasına qarşı çıxan imperialist dairələr müxtəlif məzmunlu təhdidləri artırmağa başladılar. 
Üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə deyil, 
ABŞ-la birgə keçirilən hərbi təlimlər, Amerikanın nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması də Qərbin regional müstəvidə uzunmüddətli planlarının bir hissəsidir. Ümumilikdə isə Fransanın və ABŞ-ın bu fəaliyyəti artıq gizli xarakter daşımır və təəccüblə qarşılanmamlıdır. 
Aİ-nin mülki missiyasının fəaliyyətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin irəlilədiyi bir zaman müxtəlif məqsədləri ola bilər.  
Birincisi, Ermənistanın normativ hüquqi aktlarında ölkəmizə qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanması yolunda ən böyük əngəldir. Lakin Ermənistan konstitusiyasında dəyişiklik etməkdə maraqlı görünmür. Bu da sülh sazişinin imzalanmasını yubadır. Ermənistan tərəfi də Avropa İttifaqının missiyasının sülh müqaviləsi imzalandıqdan sonra fəaliyyətinin sonra çatacağı ilə bağlı mesajlar verir. Deməli, Ermənistanın atdığı addımlar birbaşa Qərblə koordinasiyalı şəkildə həyata keçirilir. Bunun ən bariz nümunəsi isə rəsmi İrəvanın ATƏT-in Minsk qrupunun ləğvinə razılaşmaması və tələsik sülh sazişinin imzalanması ilə əlaqədardır. Təbii ki, ABŞ rəsmilərinin Ermənistanın xeyrinə görünən tələsik sülh müqaviləsinin imzalanması bəyanatları da bir mərkəzdən idarə olunan gedişatlardır. 

Avropa İttifaqının Ermənistanda olmasının digər səbəbi isə Rusiya və İranla da bağlı ola bilər ki, bu da İrəvan Administrasiyasının Qərbi Moskva ilə əvəz etmək niyyətinin göstəricisidir. Tam olmasa da Ermənistanın buna qismən də nail olduğunu demək mümkündür. 
Ona görə də Aİ-nin missiyasının etibarsızlaşdırılması prosesinə Cənubi Qafqaz ölkələri və regiona yaxın dövlətlər ciddi şəkildə dəstək verməlidir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31