Ölkədə məhv edilmiş ekosistemlərin bərpası üzrə proqramlar icra edilir- ÖZƏL
31 Oktyabr 2024 10:21 Siyasət"Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması vəzifə olaraq qarşıya qoyulmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov deyib.
Əldə olunan tarixi Zəfərlərdən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılır, məhv edilmiş ekosistemlərin bərpası üzrə proqramlar icra edilir, üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra edilir. Ölkəmiz beynəlxalq səviyyədə də ekoloji siyasətə öz töhfəsini verməkdədir. Bunun ən böyük nümunəsi cari ilin noyabr ayının 11-22 tarixlərində ölkəmizin COP29 kimi böyük və nüfuzlu beynəlxalq tədbirə evsahibliyi etməsidir.