Kanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi
15:55 SiyasətKanada mətbuatı ABŞ-ni müttəfiqlərinə qarşı nankorluqda ittiham etdi. Bu, Amerikanın öz müttəfiqinə xəyanət etdiyi ilk hal deyil. Belə ki ABŞ Konqresinin Nümayəndələr palatasından Adam Şiff bu yaxınlarda həmin ölkədəki Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib.
Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar "THEJ.CA" nəşrində işıq üzü görmüş "Amerikanın qərəzli baxışları" sərlövhəli məqalədə Birləşmiş Ştatların İsrailə münasibətdə hazırkı siyasətini qeyri-səmimi, qarşılıqlı etimaddan məhrum kimi dəyərləndirir. Müəllif Azərbaycanın da bu baxımdan layiq olmadığı analoji ədalətsiz münasibətlə üzləşdiyinə diqqət çəkir.
Onun fikrincə vaxtilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymamış Ermənistanın Qarabağı və Azərbaycanın 7 rayonunu otuz illik işğalı nəticəsində qaçqın vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlı üçün analoji kompensasiya paketi təklif etməməsi amerikalı konqresmenin təşəbbüsünün qüsurlarındandır.
Həmçinin qeyd olunub ki, Azərbaycanın Yaxın və Orta Şərqdə dini radikalizm və terrorizmlə mübarizədə Qərbin sadiq müttəfiqi olmasının, Amerika qoşunlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasına kömək etməsinin müqabilində bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi təəccüb və heyrət doğurur.
Müəllifin qənaətinə görə, ABŞ-nin bu cür davranışı əxlaqi baxımdan qınanılmalı hərəkətdir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2024/10/17/americas-biased-perceptions/