Gürcüstanda keçirilən seçkilərdə soydaşlarımızın səsi həlledici rola malik idi
28 Oktyabr 2024 14:49 SiyasətSoydaşlarımız Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına yönəlmiş siyasəti dəstəklədilər
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi bəlli oldu. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, "Gürcü Arzusu" partiyası seçicilərin əksəriyyətinin etimadını qazanıb. Başqa sözlə, seçicilər hakim partiyanı dəstəkləyərək dövlət və milli maraqları müdafiə ediblər. Dörd qərbyönümlü müxalifət koalisiyası isə məğlubiyyətlə barışmaq zorunda qalıb. Seçkilərin nəticəsi deməyə əsas verir ki, seçkiyə min cür təxribat planı hazırlayan Qərb və onların əlaltıları olan müxalifətin bütün planları fiaskoya uğradı. Əslində, Gürcüstanda hakim partiyanın seçkilərdə qələbə qazanacağı əvvəlcədən bəlli idi. Çünki iqtidar partiyası hələ seçkiyə qədər bir necə dəfə anti-Gürcüstan dairələrin həmlələrini dəf edə bilib və gözlənilən təxribatların qarşısının alınmasında kifayət qədər təcrübə əldə edib. Siyasi ekspertlərin qənaətinə görə, Gürcüstanda hakim partiyanın qələbə əldə etməsində gürcü xalqı və xaricdə yaşayan gürcülərin həlledici rolu olub. Yəni, dövlətin və millətin gələcəyini mövcud hakimiyyətin təqdim etdiyi strateji xətdə görən gürcülər siyasi fəallıq nümayiş etdirərək Qərbin bütün planlarını alt-üst etdilər. Ancaq etiraf edilməlidir ki, Gürcüstan hakimiyyət partiyasının əldə etdiyi qələbədə bu ölkədə yaşayan soydaşlarımızın da müstəsna rolu var. Məlum olduğu kimi Gürcüstanda beş yüz mindən artıq azərbaycanlı yaşayır. Sirr deyil ki, bu ölkədə yaşayan soydaşlarımız kifayət qədər fəaldırlar və idarəetmə, eləcə də qərarların qəbul edilməsində əhəmiyyətli rol oynayır. Daha doğrusu, dəfələrlə Gürcüstanda keçirilən seçkilərdə soydaşlarımızın səsi həlledici rola malik olub. İstisna deyil ki, bu dəfəki seçkidə də soydaşlarımız səslərini Azərbaycanı özünə stratüji müttəfiq hesab edən hakim partiyaya verib. Gürcüstan və Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlət olduğunu, iki ölkə arasında inkişaf edən siyasi və iqtisadi münasibətləri dəyərləndirən soydaşlarımız qətiyyətli mövqelərini ortaya qoyaraq ölkəmizin siyasətinə uyğun seçim ediblər. Məhz bu baxımdan Gürcüstandakı soydaşlarımıza təşəkkür edilməlidir ki, onlar Azərbaycan dövləinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəklədilər. Eyni zamanda, onlar Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər. Rəsmi məlumata görə, Gürcüstanda azərbaycanlıların yaşadıqları bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var, eyni zamanda öz əhatəsi və təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir. Bu prosesdə həlledici rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan və Gürcüstan regionun aparıcı dövlətləri olduğundan onların yürütdükləri xarici siyasət də ortaq mövqeyi ifadə edir. Əksər hallarda hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birlərinin mövqeyini müdafiə edir, regionda sülh və təhlükəsizliyin təmin olunmasında vahid mövqedən çıxış edirlər. Soydaşlarımız gürcü xalqının mövqeyinini dəstəkləməklə bölgədə 2-ci cəbhənin açılmaşının qarşısını aldılar, regionun Qərbin müstəmləkəsinə çevrilmək siyasətini fiaskoya uğratdılar.
Nəzərə almaq lazımdır ki, Gürcüstanda yaşayan soydaşlarımız dövlət qayğısını daim üzərlərində hiss ediblər, bu gün də eyni münasibət hökm sürməkdədir. Heç şübhəsiz ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra da azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiqamətində real addımlar atacaqlar.
Alim