Liderlərin Kazan görüşü barışın əldə olunacağına nikbinlik yaratdı- ÖZƏL

"Prezident İlham Əliyevin Kazanda Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşü mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Dünyanın aparıcı media orqanları Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşü barədə xüsusi reportaj verdilər. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması təlimatı bölgədə barışın əldə olunacağına nikbinlik yaratdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli maraqlarını qorumaq, geosiyasi rolunu artırmaq, özünü ən əlverişli təhlükəsizlik şəraiti ilə təmin etmək üçün bütün beynəlxalq platformaların imkanlarından faydalanır. Doğrudur ki, Qərbdə bəzi dairələr BRICS-in digər beynəlxalq iqtisadi bloklara qarşı yaradıldığını və fəaliyyət göstərdiyini vurğulayırlar. Halbuki, qurumun rəhbərliyi dəfələrlə bəyan edib ki, onların fəaliyyəti heç bir bloka qarşı yönəlməyib.  Düşünürəm ki, BRICS+ ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, ticarət mübadilələrinin genişlənməsi günün tələbidir. Bu, qlobal ticarət birliyində bu və ya digər formada təmsil olunmaq inkişaf etməkdə olan ölkələrin iqtisadi müstəqilliyini artıracaq. BRICS+ çərçivəsində maliyyə institutlarının yaradılması inkişaf etməkdə olan ölkələr üçün maliyyə resurslarına daha asan çıxış imkanı təmin edə bilər. Azərbaycanın BRICS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir. Mühüm geostrateji mövqedə yerləşən ölkəmiz balanslaşdırılmış siyasət yürütməli, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmalıdır. Bu siyasi kurs Cənubi Qafqazda daha ədalətli və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31