Tramp aranı qarışdırmağa hazırlaşır- ÖZƏL
25 Oktyabr 2024 10:43 Siyasət"Tramp yenə də aranı qarışdırmağa hazırlaşır: O, Kamala Harrisin qələbəsini tanımayacağının anonsunu verdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Şimali Karolinada keçirilən mitinqdə Tramp tərəfdarlarına onların qələbəsini oğurlamağa çalışanların iş başında olduqlarına eyham vurub. ABŞ prezident seçkilərinə iki həftə qalmış Donald Tramp şəffaf şəkildə onun yox, Kamala Harrisin qalib elan olunacağı təqdirdə nəticələri tanımayacağını bildirib. Respublikaçı namizəd tərəfdarlarının mitinqində elan edib ki, demokratlar səsvermənin nəticələrini saxtalaşdırmağa hazırlaşırlar. Trampın bu bəyanatı dolayısı ilə seçkinin nəticəsinin məhkəmələrdə, hətta bəlkə də küçə qarşıdurmalarında həll olunacağı ehtimalını artırıb.
Dörd il əvvəl baş verən hadisələrin bu il təkrar oluna biləcəyi ehtimalı -Trampın Cozef Baydenin qələbəsini tanımadığı, onu saxtakarlıqda ittiham etməsi, demək olar ki, bu ilki seçki kampaniyasının lap əvvəlindən həm mətbuat, həm də politoloqlar tərəfindən ehtimal olunurdu. Eks-prezidentin yaxın keçmişin acı təcrübəsindən heç bir ibrət dərsi almadığını və onu təkrarlamağa hazır olduğunu söyləmək üçün birbaşa əsas əsas olmasa da bəzi əlamətlər var idi. Seçki günü yaxınlaşdıqca bu əlamətlər eks Prezidentin bəyanatları ilə əsasa çevrilməyə başlayır. Bu dəfə də Tramp 4 il bundan əvvəlki hadisələri təkrar etməyə qalxsa Amerika femidasının əlindən asanlıqla qurtula bilməyəcək.
Maraqlı olan isə Trampın keçmişi yada salmaqda hansı məqsəd güddüyünü müəyyən etməkdir. O, bununla tərəfdarlarını mümkün məğlubiyyətə hazırlayır, yoxsa Amerikalı seçiciləri şantaj vasitəsi ilə özünə səsverməyə məcbur etmək istəyir?"