Gülənin ölümü Türkiyənin lehinə nələri dəyişəcək? - Politoloq AÇIQLADI

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümü dünya, o cümlədən Türkiyə mediasında hələ də müzakirə olunur.

Olaylar.az xəbər verir ki, bununla bağlı Sfera.az-aaçıqlama verən politoloq İlyas Hüseynov xatırladıb ki, Fətullah Gülən Türkiyənin milli təhlükəsizliyinə, daxili sabitliyinə qarşı fəaliyyəti ilə seçilib:

"Digər tərəfdən, onun bir sıra ölkələrdə şəbəkələri formalaşıb. Bütün bu şəbəkələrin nəzarətini Fətullah Gülən əlində saxlayırdı. Eyni zamanda, PKK terror təşkilatının digər ölkələrdə də siyasi, hərbi qanadları mövcuddur və onların əsas hədəfi türk düşmənliyi, Türkiyə əleyhinə fəaliyyətin təşkil olunması və müxtəlif dairələrdən maliyyə və hərbi yardım almaqla bu ölkəyə qarşı silahlı mübarizədir. Bu da məsələnin ən təhlükəli tərəfidir. Bu baxımdan Fətullah Gülənin ölməsi bütün bu şəbəkələri də gücsüzləşdirir. Ona görə də hesab edirəm ki, Gülənin ölümü Türkiyə əleyhinə mübarizədə onların da əllərini-qollarını bağlayır".

Politoloq qeyd etdi ki, yeni Fətullah Gülənin meydana gəlməsi bu şəbəkələrin uğursuzluğuna gətirib çıxaracaq:

"Çünki Türkiyə böyük bir dövlətdir. Ənənəsi, tarixi keçmişi olan, eyni zamanda müasir ölkədir. Bu baxımdan Türkiyə hər zaman öz təhlükəsizliyinə, sərhədlərin qorunmasına, inkişaf, əməkdaşlıq məsələlərinə güclü diqqət ayırır. Qardaş ölkə üçün həm daxili, həm xarici siyasətdə qazanılan uğurlar mühüm əhəmiyyət kəsb edir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31