Artıq regionlarımız da beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindədir- ÖZƏL

"MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan üçün verilən əhəmiyyətli qərarlardan biri də növbəti il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyi xəbəri oldu. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bu qərar onu göstərir ki, Bakı ilə yanaşı, artıq regionlarımız da beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyev sözügedən iclasda qeyd edib ki, bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.
Dövlət başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj verdi.  Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir. Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə maraqları onları daha sıx əməkdaşlığa təşviq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31