Azərbaycan Qərbin iyrənc siyasəti ilə qarşı-qarşıya qalıb - ÖZƏL

"Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibəsində mötəbər tədbirlər ərəfəsində Azərbaycana qarşı beynəlxalq güclər tərəfindən çirkin kampaniyanın aparılması məsələsinə də toxundu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Bildirildi ki, bizə sanksiyalar 1992-ci ildə, torpaqlarımız Ermənistan tərəfindən işğal olunan zaman qəbul edilmişdi. Ölkəmizi haqsızcasına Ermənistanı blokadada saxlamaqda ittiham edirdilər. Bu sanksiyalar 2001-ci ildə Əfqanıstanı işğal etmiş ABŞ-ın Azərbaycana ehtiyacı olanda aradan qaldırıldı və bir də ABŞ Əfqanıstandan qaçandan sonra qüvvəyə mindi. Bunun bir adı var, nankorluq. Azərbaycan hazırda Qərbin belə bir iyrənc siyasəti ilə qarşı-qarşıya qalıb. Təbii ki, biz bir dövlət olaraq xarici siyasi addımlarımızı milli maraqlarımıza uyğun atacağıq. Bu mənada MDB Azərbaycan üçün vacib platformadır. Ölkəmizin də verdiyi töhfələr sayəsində bu gün MDB-nin beynəlxalq nüfuzu artır, təsir dairəsi güclənir. Bizim ortaq dəyərlərimiz, ortaq tariximiz var. 2025-ci ildə İkinci Dünya müharibəsində faşizmə qarşı qələbənin 80 illiyidir. Bu tarixi qələbədə Azərbaycanın öz payı var. 416-cı Azərbaycan atıcı diviziyası Berlinə qədər qəhrəmanlıqla savaşıb. Brandenburqa qələbə bayrağını sancan da azərbaycanlı Mirzə Hüseynov olub. O zaman 3 milyon 400 minlik Azərbaycan əhalisinin 700 minə yaxını müharibədə iştirak edib, 350 mini həlak olub. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. 130 növdə silah, sursat, texnika istehsal edib. Yusif Məmmədəliyev kimi neft-kimya sahəsində məşhur alimini yetirib. Bütün bunlar Azərbaycanın hər dövrdə əhəmiyyətli mövqeyini, gücünü ifadə edir. Azərbaycan dünyaya töhfə verən ölkə kimi nüfuzunu bu gün daha da geniş istiqamətdə təqdim edə bilir. Çünki dövlət suverenliyimiz artıq bərqərar olunub. Azərbaycanın güclü siyasi Lideri, iqtisadi və hərbi potensialı var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31