Bəzi Qərb dairələri erməni lobbisinin təsiri altına düşüblər- ÖZƏL
11 Oktyabr 2024 13:08 Siyasət"İstənilən dövlətlə əməkdaşlıqda Azərbaycan öz milli maraqlarını hər zaman üstün tutur. Öz ərazi bütüövlüyü və suverenliyini təmin etdikdən sonra bir sıra dövlətlər Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərmiş və əlaqələri gücləndirməyə başlamışlar". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Lakin Azərbaycanın möhtəşəm Qələbəsini həzm etməkdə çətinlik çəkən bəzi Qərb dairələri erməni lobbisinin təsiri ilə ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər edirlər. Əlbəttə, bu sanksiyalar siyasətinin heç bir perspektivi yoxdur, çünki tamamilə əsassız və qeyri-qanunidir. Azərbaycana qarşı qərəzli yanaşmanın, ikili standartların göstəricisidir.
Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın MDB-yə üzv dövlətlərlə əlaqələrindən bəhs etdi. Dövlət başçısı vurğuladı ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb".