Bu situasiyanın Qərbin öz maraqlarına zidd olduğunu anlamağa başlayacaqlar- ÖZƏL

"Azərbaycan dünyada  ABŞ və Avropa Birliyinin, ümumiyyətlə, Qərbin təsir dairəsində olmayan nadir ölkələrdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Azərbaycan hazırda güclü orduya malikdir. Maliyyə-iqtisadi potensialı kifayət qədər yüksəkdir. Özünümüdafiə imkanları, resursları yetərli qədərdir. Eyni zamanda, Azərbaycanın dünyanın bəzi bölgələrində tərəfdaşları da var. Üstəlik, Türkiyə kimi də hərbi müttəfiqi mövcuddur. Azərbaycan öz ordusunu gücləndirməklə hərbi təhlükəsizlik problemini də artıq böyük ölçüdə həll edib. Ərazi bütövlüyünü təmin etməklə ölkənin daxilində erməni separatizmini və terrorizmini də sıradan çıxarmaqla Azərbaycan özünə qarşı əsas təzyiq faktorlarının hamısını ləğv edib. Ona görə də Azərbaycan hazırda müstəqil suveren hüquqlarından istifadə edərək müstəqil xarici siyasət yürüdə bilir. Qərbin təzyiqlərinə tab gətirməyi bacarır. Azərbaycanın indiki situasiyada Qərbin,  Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin təzyiqlərinə tab gətirmək imkanları kifayət qədər yüksəkdir. ABŞ-niin   ikili standartlarına, Ağ Evin Azərbaycana qarşı əsassız, absurd, məntiqsiz təzyiq cəhdlərinə də rəsmi Bakının verdiyi sərt və prinsipial reaksiya da onu göstərir ki, Azərbaycanın müqavimət və özünüqoruma potensialı, resursları kifayət qədər yüksəkdir. ABŞ, Fransa, Avropa Birliyinin Azərbaycana qarşı təzyiqlərinin heç bir nəticəsi olmayacağını artıq Qərbdə də tədricən anlamağa başlayıblar. Böyük ehtimalla yaxın vaxtlarda mövcud situasiyanın elə Qərbin öz maraqlarına zidd olduğunu anlamağa başlayacaqlar və Azərbaycanla təzyiq dilində danışmağın tam mənasız olduğunu nəzərə alaraq, rəsmi Bakı ilə anlaşma və tərəfdaşlıq istiqamətində addımlar atmaq məcburiyyətində qalacaqlar".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31