İşğaldan azad olunan ərazilərdə quruculuq işləri geniş vüsət alıb
11 Oktyabr 2024 12:40 Siyasətİstiqamət: 5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
Uzun müddət köçkün həyatı yaşayan soydaşlarımızın işğaldan azad olunmuş ərazilərimizə dönüşünə start verilib. 30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan məcburi köçkünlər doğma yurdlarında daimi yaşamağa başlayıblar. O da faktdır ki, doğma yurdlarına qayıdan məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Məlum olduğu kimi Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur, sakinlərin yaşaması üçün bütün infrastruktur yaradılır, vətəndaşların məşğulluq problemi həllini tapır. Elə Xocalı şəhəri də dövlət başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla təchiz olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib. Bu günlərdə isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. Oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı da Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 60 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Belə ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 220 ailə (823 nəfər) mənzillə təmin edilib.
Qeyd edək ki, soydaşlarımzın doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin ediləcək. Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə bildirib ki, bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək: "Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik".
Sirr deyil ki, dövlət başçısı İlham Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramlarının icrasını ən yüksək səviyyədə nəzarətdə saxlayır, təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edir. İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Belə ki, İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib. Qeyd edək ki, bu kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də Ağdam rayonunun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir. Kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri yaradılmaqla sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
Cəbrayıl rayonunun Horovlu kəndində də fərdi evlərin və sosial obyektlərin tikintisi həyata keçirilir. Burada layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir. Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlini qoyub. Məlumat üçün qeyd edək ki, beşonci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir. Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub. Altıncı yaşayış kompleksi isə orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb. Dövlət başçısı Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə də tanış olub. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib. Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Göründüyü ki, ölkədə Böyük Qayıdış Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Dövlət proqramında əksini tapan əsas amillərdən biri də odur ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir ki, bu da vətəndaşların məşğulluq probleminin həllində müsbət rol oynayır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.