Ermənistana qarşı qaldırılan istənilən iddiamız müsbət nəticələnməlidir - ÖZƏL
10 Oktyabr 2024 15:38 Siyasət"Ermənistana qarşı qaldırılan istənilən iddiamız müsbət nəticələnməlidir, bunun başqa yolu yoxdur. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Azərbaycan torpaqlarının altını üstünə çevirib, minlərlə dinc insanımızı öldürüb, insanları yurd-yuvasından didərgin salıb və bu proses 30 ildən artıq davam edib. Yəni maddi, mənəvi zərər olaraq Ermənistan bizə milyardlarla dollar məbləğində ziyan vurub".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, bu ziyan elə-belə ötüşməyib. İnsanların hələ mənəvi acılarını heç nə ilə kompensasiya etmək mümkün deyil. Ona görə də, Azərbaycanın Ermənistana qarşı qaldırdığı istənilən mövzuda iddiaya istənilən ədalət müstəvisində baxılarsa, bizim qalib gəlməyimiz üçün heç bir problem olan deyil. Əlbəttə ki, müəyyən qüvvələr müdaxilə etməyə cəhd göstərə bilərlər. Ermənistan özünü müdafiə edəcək, etsin. Onun özünü müdafiə hüququnu da tanıyırıq. Amma fakt elə şeydir ki, onun qarşısında heç nə keçərli ola bilməz. Fakt isə ondan ibarətdir ki, Ermənistan 30 ilə yaxın bir müddətdə, hətta 30 ildən artıq bir müddətdə bizə maddi, mənəvi olmazın əzablar verib. Buyursun, cavab versin. Biz həmişə demişik, bu dəfə də təkrarlayıram, Ermənistan törətdiyi əməllərə görə təzminat ödəməlidir, özü də böyük məbləğdə, 100 milyardlarla dollar məbləğində təzminat ödəməlidir. Bəzi şərhçilər deyir ki, Ermənistanın buna gücü çatmaz, həqiqətən də çatmaz. Biz də o fikirdəyik, ona görə də zəhmət çəksinlər, başqa üsullarla o ödəməni eləsinlər. Misal üçün, Azərbaycanın tarixi torpaqları olan Zəngəzuru bizə qaytarmaqla təzminatın böyük bir hissəsini ödəmiş ola bilərlər. Yəni bu, bir variantdır. Biz onlara təklif edirik. Belə götürəndə isə məhkəmədə dediyim kimi, Azərbaycan haqlıdır, ədalətlidir və hakimlərin də ədaləti yəqin ki, bunun üzərinə gələrsə, biz birmənalı şəkildə qalib gələcəyik".