İsrail və İranın bir-birinə qarşı ittihamlarından obyektiv nəticə çıxartmaq qeyri-mümkündür - ÖZƏL
10 Oktyabr 2024 15:41 Siyasət"Çox təəssüf ki, biz son vaxtlar, ümumiyyətlə, İran və İsrail arasında münasibətlərdə ancaq bir-birinə qarşı qarşılıqlı ittihamlar görürük".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Əslində, aparılan siyasətlər təhlil olunduqda konkret nəticəyə gəlmək mümkündür. Bu nəticə ondan ibarətdir ki, həm İranın, həm də İsrailin apardığı siyasət bu gün bölgədə sülhün və təhlükəsizliyin maraqlarına cavab vermir, əksinə Yaxın Şərqdə eskalasiyanı daha da gərginləşdirir. İsrail dövləti ilə islam müsəlman toplumları arasında, müsəlman dövlətləri arasında münasibətləri kəskinləşdirir. Hər iki dövlət qonşularının maraqlarına, suveren və müstəqil dövlət olmaq maraqlarına beynəlxalq hüquq normaları çərçivəsində yanaşsalar, mən əminəm ki, münasibətlər xeyli dərəcədə yumşalar və mövcud problemlər aradan qaldırıla bilər. Məsələ burasındadır ki, İsrail özünün müsəlman qonşuları olan Fələstin ərəblərinin müstəqil dövlət olmaq hüququnu tanımır. Belə şəraitdə isə İran da İsrailin mövcudluq hüququnu tanımaq istəmir. Bütün problemlərin kökü buradan əmələ gəlir.
Yaxın Şərq ölkələrində qaynayıb gedən terror aktları, radikal addımlar, radikal siyasətin də kökündə məhz bu dayanır ki, təxminən 80 ilə yaxın davam edən bu Yaxın Şərq problemi iki dövlət prinsipi ilə həll olunmur. Əgər iki dövlət prinsipi ilə bu problem həll olunsa, onda inanıram ki, İsraillə İranın da münasibətləri tənzimlənə bilər. Məsələ burasındadır ki, terroru bir mübarizə üsulu kimi pisləyə-pisləyə, hər iki dövlət müəyyən hallarda terrora da əl atır. Sivil vətəndaşlara qarşı hərbi zərbələr endirmək üsuluna əl atır, hansı ki, bunlar nə beynəlxalq hüquq normalarına, nə də beynəlxalq humanitar hüquqa qəti şəkildə uyğun gəlmir. Ona görə İsrail və İranın bir-birinə qarşı yağdırdıqları bu ittihamlardan obyektiv nəticə çıxartmaq qeyri-mümkündür. Ən obyektiv nəticəni o halda çıxartmaq mümkündür ki, məsələyə nə İsrailin, nə də İranın maraqları çərçivəsində yanaşılmasın, yalnız beynəlxalq hüquq normaları nöqteyi nəzərindən yanaşılsın. Bu da Yaxın Şərqdə iki dövlət prinsipi ilə mövcud münaqişənin həll olması və müharibənin dayandırılmasıdır".