Azərbaycanın Beynəlxalq Haaqa Məhkəməsinə bütün müraciətləri əsaslıdır - ÖZƏL
10 Oktyabr 2024 15:36 Siyasət"Beynəlxalq Haaqa Məhkəməsinə Azərbaycanın bütün müraciətləri əsaslıdır, çünki ölkəmiz Ermənistanın təcavüzündən öz torpaqlarını yenicə azad eləyib, 30 il torpaqları işğalda qalıb və Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Ermənistana qarşı dövlətlərarası beynəlxalq məhkəmə müstəvisində istənilən iddianı qaldırmaq üçün əsasları, hüquqi imkanları var. Yetər ki, məhkəmə orqanları bir az ədalətli davransınlar".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Çox təəssüflər olsun ki, indiki şəraitdə beynəlxalq münasibətlərdə hüquq normalarından daha çox ayrı-ayrı dövlətlərin, xüsusilə də güclü dövlətlərin təsir imkanları daha önəmli rol oynayır. Əgər Beynəlxalq Məhkəməyə, müxtəlif ölkələrin, böyük ölkələrin həm də Ermənistanın mənafeləri baxımından Azərbaycana arzuolunmaz əhval-ruhiyyə ilə yanaşan ölkələrin təsiri olmasa, aydın məsələdir ki, Azərbaycan Beynəlxalq Məhkəməni uda bilər. Çünki Azərbaycanın iddiaları tam əsaslıdır, bunlar konkret məsələlərin ətrafında qaldırılıb. O məsələlər ki, Ermənistan 30 il ərzində həmin o siyasəti bizim torpaqlarımızda, ərazimizdə Azərbaycanın milli mənafeyi və suveren maraqları əleyhinə aparıb. Buna görə də əgər ayrı-ayrı dünya dövlətlərinin, xüsusilə də bu gün Ermənistan tərəfində onun lobbiçiliyini edən müxtəlif dövlətlərin yan və ziyanlı təsirləri olmasa, Beynəlxalq Məhkəmənin Azərbaycanın xeyrinə qərar çıxaracağı şübhəsizdir".