Vüqar Əhmədov: Rəsmi Bakı sülh müqaviləsinə ötəri bir sənəd kimi baxmır- ÖZƏL
10 Oktyabr 2024 12:38 Siyasət"Hazırda deyərdim ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında danışıqlar prosesi əvvəlki dövrlə müqayisədə səngiyib və sülh müqaviləsinin olmamasının əsas səbəbi tam razılaşmaların əldə olunmaması ilə bağlıdır. Bunu Azərbaycan Prezidenti Rusiya jurnalistinin sualını cavablandırarkən da bildirdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Rəsmi Bakı sülh müqaviləsinə ötəri bir sənəd kimi baxmır, bu kifayət qədər strateji bir sənəddir, 30 il torpaqlarımızı işğal altında saxlayan ölkə ilə sülh müqaviləsi artıq əlaqələrin bərpası, səhədlərin açılması və diplomatik münasibətlərin açılmasına qədər gətirib çıxara bilər. Bu baxımdan prinsipial məsələlər var ki, bunlar razılaşdırılmalıdır. Azərbaycan tam əmin olmalıdır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu ölkədə Azərbaycana ərazi iddiası ilə bir daha çıxış etməyəcəklər, Zəngəzur məsələsi ilə bağlı yalnız açıqlamalar var, lakin Ermənistan hələ də öhdəliklərdən irəli gələrək bu sahədə real addım atmır. Beynəlxalq platformalarda danışıqlardan yayınan tərəf hər zaman Ermənistan olub. İngiltərədə keçirilən son sammitdə Paşinyan danışıqlardan yayındı. Həm də nəzərə almaq lazımdır ki, Rusiyanın vasitəçiliyi ilə baş tutan danışıqlara da Paşinyanın son dövrlər qatılmaması səbəbindən fasilə yaranmışdı. Lakin indi görünür ki, Rusiya tərəflər arasında sülh müqaviləsinin baş tutmasında maraqlı görünür. Bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərində verdiyi açıqlamalardan da hiss etmək olar. MDB dövlət başçılarının sammitində tərəflər arasında təmasların olmasını qeyd etmək olar. Lakin Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, tam razılaşmaların olmaması, vacib olan bəndlərin sonraya saxlanılması yarımçıq bir sülh deməkdir, ona görə Ermənistanın indiki açıqlamaları ki, biz bu ay müqaviləni imzalamağa hazırıq, bunlar imitasiya xarakteri daşıyır".
Qiymət Mahir