Azərbaycanın tərəfdaş ölkələrlə hər zaman yüksək münasibətlər qurmaqda maraqlı olub- ÖZƏL
10 Oktyabr 2024 11:43 Siyasət"Dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının iclasında Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirdiyindən, balanslaşdırılmış xarici siyasət kursunu uğurla həyata keçirməsindən bəhs edib". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin iki ölkə münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqi olduğu vurğulanıb. Bu kontekstdə iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcək münasibətlər üçün mühüm amil olduğu önə çəkilib. Cənab İlham Əliyev, həmçinin növbəti il MDB-yə sədrlik edəcək Tacikistan prezidenti Emoməli Şərifoviç Rəhmona uğurlar arzulayıb. Eyni zamanda, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə toxunulub. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı. Artıq öz azadlığına qovuşan Laçın şəhəri bərpa olunur. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz evlərinə qayıdırlar. Bu mənada Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlətimizin başçısı çıxışında məhz bu amillərə diqqət çəkərək Azərbaycanın tərəfdaş ölkələrlə hər zaman yüksək münasibətlər qurduğunu vurğulayıb".