Elmir Səftərov: Ermənistan Fransanın və ABŞ-nin təşəbbüsü ilə təşkil olunan görüşlərə üstünlük verir- ÖZƏL

"Moskvada Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üzrə üçtərəfli görüşün baş tutmamasının əsas səbəbi Ermənistana verilən dəstək fonunda bu ölkənin sülhdən, müzakirələrdən yayınması ilə nəticələnib. Halbuki, sülhün əldə edilməsi iki dövlət arasında birbaşa dialoqun qurulması ilə mümkün olan bir prosesdir. Amma bu gün Ermənistanın öz iradəsi ilə deyil, himayədarlarının təlqinləri və tövsiyələri əsasında davrandığını görürük".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Digər bir reallıq isə İrəvanın, sadəcə, görüntü xatirinə və ədalətli olmayan sülh sazişinin tərəfdarı olması ilə bağlıdır ki, prosesləri uzadan əsas məqam da buradadır. 
Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə mətbuat konfransında regional kommunikasiyaların açılmasının əhəmiyyətini vurğulamışdı.  Görüşdən sonra Nikol Paşinyanla Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı da Rusiya Prezidenti öz mövqeyini qarşı tərəfə çatdırmışdı. Bundan əlavə, Rusiya rəsmiləri kommunikasiyaların açılması, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin Ermənistan tərəfindən icrası məsələlərini mütəmadi olaraq gündəmə gətirirlər.  
Rusiyanın bu mövqeyi Ermənistan liderinin üçtərəfli görüşün özünə təzyiq vasitəsi görməsi səbəbi ilə də baş tutmaya bilər. N. Paşinyan Moskvaya gəlməmişdən əvvəl anlayırdı ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü baş tutarsa, burada sülh müqaviləsi və regional kommunikasiyaların açılaması məsələləri prioritet mövzulardan olacaq. Ona görə də neytral müzakirələrin aparılması Nikol Paşinyanın əl-qolunu bağladığı üçün, Ermənistanın baş naziri əsassız iddialarının dəstəkləndiyi platformalarda özünü daha rahat hiss edir. 

Ermənistana hər cür dəstək verən kollektiv Qərb  sülh quruculuğu prosesinin özünün əsas rəqibi Rusiya tərəfindən koordinasiya edilməsinin əleyhinə olduğunu yaxşı anlayan Nikol Paşinyan bu müzakirələrin Moskvada keçirilməsinə müsbət yanaşmır.  

Xatırlayırıq ki, bu il Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi olmuşdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Bunun əsas səbəbi isə Ermənistanın di­aloqdan  geri çəkilməsi kimi qiymətləndirildi. Həmçinin Böyük Britaniya da neytral mövqe sərgiləyən ölkə olduğu üçün Ermənistanın maraqlarına cavab vermir. Bu ölkənin daha çox Fransanın və ABŞ-nin  təşəbbüsü ilə təşkil olunan görüşlərə üstünlük verdiyi aydın şəkildə görünür.  
Ümumiyyətlə, Ermənistana edilən yardımlar, verilən siyasi dəstək bu ölkənin müstəqil qərarverməsinə birbaşa təsir edir. Görünür ki, İrəvanın atdığı addımlar Cənubi Qafqazda maraqları uzlaşan Fransa və ABŞ
tərəfindən müəyyən edilir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31