COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani şahid olacaqlar- ÖZƏL

"COP29-un ölkəmizdə keçirilməsi, ilk növbədə Prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun və həyata keçirdiyi uğurlu siyasətin parlaq nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib: "Dövlətimizin başçısı qazanılan bu uğurla Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq".
O, qeyd edib ki, tədbirin Bakıda keçirilməsi beynəlxalq miqyasda Azərbaycanla bağlı mötəbər rəylərin daha da möhkəmlənməsində təsirli rola malikdir və ölkə reallıqlarının daha çevik və effektiv şəkildə beynəlxalq aləmdə öz əksini tapması üçün çox mühüm vasitə hesab edilir: "COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Təbii ki, bütün bunlar beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31