Türkiyə ilə İsrail arasında hərbi toqquşma mümkün deyil- ÖZƏL

"İsrailin Qəzzadakı dağıdıcı əməliyyatları, Hizbullahla genişmiqyaslı hərbi toqquşma, Suriya ilə bağlı müəyyənləşdirilən planlar və ümumiyyətlə, dini ideoloji müstəvidə gerçəkləşdirilməsi nəzərdə tutulan addımlar Türkiyənin milli təhlükəsizliyini təhdid edir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu İsrail-Türkiyə münasibətlərini şərh edən deyib: 

"Türkiyə ən yüksək səviyyədə-prezident səviyyəsində bununla bağlı açıqlamalar verib. Ərdoğan bildirdi ki, İsrailin xəyali planları dini fanatizmdir və gec-tez İsrailin özünə zərər verəcək. Həqiqətən də indiki məqamda İsrail üçün uğurlu görünən addımlar əslində İsrailin dövlət olaraq gələcəyi üçün problemlərə yol açır və İsrail dövlətçiliyini təhdid edir. İsrail və Türkiyə bir-birinə qarşı hökumət rəhbərləri səviyyəsində sərt açıqlamalarla cavab versələr də, hesab edirəm ki, iki dövlətin hərbi müstəvidə qarşı-qarşıya gəlməsi istisna edilməlidir. Türkiyə heç bir Yaxın Şərq ölkəsi ilə müqayisə olunmaz dərəcədə güclü dövlətdir. Eyni zamanda İsraillə qarşıdurma baxımından İranla da müqayisə olunmamalıdır. Türkiyə NATO-nun ən güclü ikinci ordusudur. Türkiyənin İsrailə birbaşa hərbi toqquşması o deməkdir ki, Birləşmiş Ştatlar İsrailə avtomatik dəstək verməlidir və bu o anlama gəlir ki, ABŞ NATO-dakı əsas müttəfiqi ilə hərbi qarşıdurmaya gedir. Bu zaman nə baş verir? Bu, ilk növbədə NATO-nun çöküşü olur və dolayısı ilə Birləşmiş Ştatlara ciddi şəkildə zərbə dəyir, proseslər avtomatik olaraq, xüsusilə Ukrayna cəbhəsində və digər qlobal istiqamətlərdə Rusiyanın lehinə dəyişir. Ona görə də Birləşmiş Ştatlar heç bir halda İsrailin Türkiyəyə qarşı müharibə etməsinə göz yuma bilməz. Mümkün qədər çalışır ki, bu baş verməsin, eyni zamanda Türkiyə də buna getməz. Çünki Türkiyə əslində bilir ki, İsrail və Birləşmiş Ştatlar hansı planlar üzərindən Türkiyəyə qarşı fəaliyyət yürüdür. Bu, Yaxın Şərqdə terror dövlətinin qurulması və digər məsələlərlə bağlıdır. Türkiyəni narahat edən əsas məqam PKK və onun törəmə quruluşları olan PYD, YPG terror təşkilatlarıdır ki, əslində Birləşmiş Ştatlar və İsrailin planlarının bir hissəsini təşkil edir. Ona görə də əgər vəziyyət genişmiqyaslı hərbi xarakter alarsa, ki proseslər ona doğru gedir, o zaman Türkiyə birbaşa İsraillə toqquşmaya getməyəcək, Birləşmiş Ştatlar və İsrailin proksi qüvvələri sayılan YPG və PYG terror təşkilatlarına qarşı sarsıdıcı zərbələr endirəcək. Bu özü əslində xüsusilə Birləşmiş Ştatların bu terror təşkilatları üzərindəki planlarının fiaskoya uğraması deməkdir. 
Ona görə də biz onu proqnozlaşdıra bilərik ki, xüsusilə Livandan sonra İsrail Suriya əməliyyatlara başlayarsa ki, bu gözlənilir, o zaman Türkiyənin atacağı ilk addım Menbic və digər Suriya ərazilərində terror təşkilatına qarşı dağıdıcı hərbi əməliyyata başlamaq olacaq. Əslində Türkiyə bununla da istəyinə çatmış olacaq. Prezident Ərdoğan Netanyahunun Türkiyəni təhdid edən siyasətini bu əməliyyatlarla neytralladıra bilər. Beləliklə də bu planların Suriya üzərindəki nöqtəsi dağıdıla bilər, Türkiyə öz təhlükəsizlik bölgəsini daha da genişləndirə, milli təhlükəsizliyinə İsrail və Birləşmiş Ştatlar tərəfindən yaradılan təhdidləri aradan qaldırmış olar. Ümumiyyətlə, İsrail Türkiyəyə qarşı hərbi əməliyyatlara heç bir halda cəsarət edə bilməz. Bu, İsrailin böyük ölçüdə, ciddi şəkildə məğlubiyyəti ilə nəticələnə bilər. Ona görə də düşünürəm ki, Türkiyə bu terror təşkilatlarına qarşı əməliyyatları həyata keçirərsə, xüsusilə Birləşmiş Ştatlar Türkiyəyə qarşı heç bir addım ata bilməz. Eyni zamanda, Türkiyə öz milli təhlükəsizliyini təhdid edən faktorları aradan qaldırmış olar. Burada diplomatik üstünlük Türkiyə tərəfdədir. Hansısa terror təşkilatlarına görə, Türkiyənin müttəfiq kimi itirilməsi ABŞ-yə baha başa gələ bilər. Ona görə də Türkiyə ilə İsrail arasında hərbi toqquşma ehtimalı sıfıra bərabərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31