Hadrut əməliyyatı Şuşaya açılan zəfər yolunun başlanğıcı idi- ÖZƏL
9 Oktyabr 2024 13:49 Siyasət"Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 4 il keçir. Bu, Azərbaycan tarixində bir dönüş nöqtəsidir, xalqımızın illərlə həsrətlə gözlədiyi qələbənin müjdəçisi oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "9 oktyabr 2020-ci il tarixi, müzəffər Azərbaycan Ordusunun gücü və əzmi ilə yazılan bir qürur səhifəsidir. Hadrutun azad edilməsi təkcə bir qəsəbənin düşməndən qurtarılması deyildi; bu, Şuşaya açılan, zəfər yolunun başlanğıcı idi. Hadrut əməliyyatı, düşmənin gözləmədiyi yerdən həyata keçirilən və Şuşanın azadlığına aparan tarixi bir manevr oldu. Bu əməliyyat, təkcə Azərbaycanın hərbi tarixində deyil, bütün dünyanın hərb elmi üçün bir dərsdir.
Bu zəfər, şəhidlərimizin müqəddəs qanı ilə, qazilərimizin və əsgərlərimizin fədakarlıqları ilə yazıldı. Biz, tarixi ədaləti bərpa etdik. Hər bir damla qan, hər bir itki, bu azadlığı qazanmaq üçün verildi. Azərbaycan xalqı illər sonra öz torpaqlarında yenidən nəfəs aldı, üçrəngli bayrağımız yenidən bu torpaqlarda dalğalanmağa başladı. Bu bayraq, yalnız dalğalanan bir parça deyil, milli qürurumuzun, mübariz ruhumuzun və gələcəyimizə olan inamımızın simvoludur.
Bu gün Hadrut, Xocavənd və işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağı əbədi dalğalanır və daim dalğalanacaq. Biz tarixin axarını dəyişdik, məğlubiyyətdən zəfərə doğru irəlilədik, öz torpaqlarımıza yenidən sahib çıxdıq. Bu, əbədi bir zəfərdir. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!"