Cəbrayıl şəhərinin iqtisadi inkişafında xidmət və sənaye sektorları böyük rol oynayacaq- ÖZƏL
9 Oktyabr 2024 10:43 Siyasət"Cəbrayıl şəhərinin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulub. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri də əsas götürülüb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Baş planın hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı da nəzərə alınıb. Bu səbəbdən də məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar fonunda proqnozlaşdırılıb.
Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, digər yaşayış məntəqələrində isə kənd təsərrüfatı sahəsinin daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün ayrılan 22,87 hektar ərazidə inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşəcək. Şəhərin Baş planında nəqliyyatın planlaşdırılması zamanı təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Çünki yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhər daxilində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq".