COP bəzi dünya qüvvələri üçün Azərbaycanla haqq-hesab çürütməyin əlverişli platformasına çevrilib - ÖZƏL

"Qəribədir ki, hansı dövlətin Azərbaycanla bağlı nə problemi varsa, onu COP29 yaxınlaşdıqca üzə çıxardır və Azərbaycanın üstünə tökməyə çalışır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Sanki COP bəzi dünya qüvvələri üçün Azərbaycanla haqq-hesab çürütməyin bir əlverişli platformasına çevrilib. Başa düşürlər ki, bu ərəfədə dünyanın diqqəti Azərbaycana yönəlib. Azərbaycanla bağlı müxtəlif beynəlxalq təşkilatlarda və müxtəlif dünya dövlətlərinin siyasətlərində çox həssas təzahürlər meydana gəlir. Bu şəraitdə Azərbaycanla bağlı, Azərbaycan haqqında, təəssüf ki, xoş olmayan niyyətlərdən doğan, müəyyən məsələləri gündəmə gətirməklə Azərbaycana çətinlik yaratmağa çalışırlar. Müxtəlif ölkələrdə Azərbaycanla bağlı mənfilər yaratmağa çalışırlar. Azərbaycanın başını qarışdırmaq, diqqətini əsas hazırlıqlardan yayındırmaq və bu kimi dəxli olmayan məsələlərə cəlb etməklə ölkəmizin böyük bir kampaniya ilə bağlı apardığı işlərə qara yaxmaq istəyirlər. Eyni məntiq çərçivəsində Human Rights Watch və Amensty İnternational təşkilatının bu gün, dünən yaydıqları bəyanat xüsusi diqqət doğurur. Təsadüfi deyil ki, hər iki təşkilatın Azərbaycanla bağlı bəyanatı demək olar ki, eyni vaxtda səslənib. Eyni tezislərlə idarə olunur, eyni fikirlərdən ibarətdir. Bu da bir daha sübut edir ki, bu hücum eyni bir mərkəzdən idarə olunur və hədəf Azərbaycanın diqqətini COP29-dan yayındırmaq və bunun hazırlıqları ilə bağlı prosesi ləngitməkdir. Başa düşmürlər ki, COP-un yüksək səviyyədə keçirilməsi ölkənin dünyada mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Ona görə də onlar öz planları, yəni məkrli planları baxımından əslində çox həssas və düzgün nöqtədən yapışıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31