ABŞ və kollektiv Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir- ÖZƏL
8 Oktyabr 2024 13:42 Siyasət"Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq mühiti üçün əlverişli zəmin formalaşdı. Lakin bu yeni geosiyasi konfiqurasiyanı qəbul etməyən güc mərkəzləri dərhal hərəkətə keçdilər. Ermənistanın silahlandırılması, regionda gərginliyin artırılması və yeni reallıqlara əks münasibətlər sistemini müşahidə etməyə başladıq. ABŞ və Fransa başda olmaqla bəzi destruktiv qüvvələr regionda öz varlıqlarını sübut etməyə və Ermənistana hərtərəfli dəstək nümayiş etdirməyə təşəbbüs göstərdilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Görünən budur ki, ABŞ, eləcə də kollektiv Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir, Azərbaycana qarşı birlikdə planlar hazırlayıb reallaşdırmaq məqsədi güdür. Lakin Azərbaycan kənar qüvvələrin bölgəni hərb meydanına çevirməsini önləmək gücündədir. Odur ki, imperialistlərin uzun illər planetin fərqli yerlərində həyata keçirdiyi "parçala və hökmranlıq et" prinsipi Cənubi Qafqazda uğursuzluğa düçar olmağa məhkumdur.