Bu təşkilatlar insan haqları mövzusunu hər vəchlə pərçimləməyə çalışır-Vüqar Əhmədov- ÖZƏL
8 Oktyabr 2024 13:25 Siyasət"Bu kampaniya xarakteri daşıyan hücumlar Azərbaycanın xoş niyyətindən sui istifadədir. Buunu artıq başqa cür adlandırmaq olmur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"COP29 bir beynəlxalq platformadır və orada əsasən iqlim dəyişmələri mövzusu müzakirə olunur, Azərbaycanın adı hər hansı beynəlxalq təşəbbüsdə hallanan kimi Human Rights Watch və Amnesty İnternational kimi təşkilatlar isə insan haqları mövzusunu hər vəchlə pərçimləməyə çalışır. Mən hesab edirəm ki, bu kimi təşkilatlar öz mövcudluğunu təsdiq etdirmək üçün belə mövzularda gündəmə gəlməyə çalışır. COP29 kimi platforma yalnız Qərb ölkələrinin iştirakından ibarət deyil, burada bütün dünya dövlətləri iştirak edir, Qərb isə hələ bütün dünya ictimaiyyəti demək deyil. Bu gün BMT daxilində belə konsensus yoxdur, dünyada gedən münaqişəli vəziyyətlə bağlı ciddi fikir ayrılığı vardır. Bundan daha öncəki COP-lar insan hüquqları ilə bağlı vəziyyətin qat-qat pis olan ölkələrdə keçirildi, lakin biz buna bənzər kampaniyaların şahidi olmadıq. Bu gün rəsmi Bakı müstəqil siyasət yürüdür, öz müstəqil siyasi iradəsi sayəsində Qarabağda işğala son qoydu, lakin biz yenə də Qərb tərəfindən açıq ermənipərəst siyasətin şahidi oluruq. Bu cür platformalar Azərbaycana lazım olduğu kimi, Qərbə və digər dövlətlərə də dialoq platforması üçün lazımdır, iqlim məsələsi, ekoloji durum dünyada bütün dövlətləri ortaq məxrəcə gəlməyə məcbur edir və dünyanı narahat edən bir nömrəli məsələdir, lakin biz görürük ki, bu mövzu ətrafında manipulasiya edilir, başqa mövzular ətrafında gözdən salma kampaniyası aparılır. Faktiki biz nəzər salsaq görərik ki, Orta Asiya və Cənubi Qafqazın qovşağında yerləşən Azərbaycan bölgədə bu cür mötəbər tədbirlərin keçirilməsinə görə ən fəal ölkələrdəndir və bununla həm də dünyada gedən siyasi proseslərə töhfə verir. Bu məsələdə parlament diplomatiyası əsaslı addımlarını atdı və arqumentlərini ortaya qoydu, xarici ölkələrdə bizim diplomatik nümayəndəliklər də bu prosesdə fəal olmalı və beynəlxalq ictimaiyyətlə bu istiqamətdə fəal işləməlidir. Belə addımlarla bəzi Qərb ölkələri regionda öz maraqlarını ciddi şəkildə zədələmiş olur, bolgədən daha uzaq düşmüş olacaqlar. Konkret olaraq ABŞ Konqres və Senatının belə bir mövqeyi Birləşmiş Ştatların bölgədə maraqlarını ciddi şəkildə zədələmiş olur, balanslı siyasətdən daha çox bir ölkənin maraqlarını digərinə qurban verməyə yönəlib. Təbii ki, bütün bu addımlar Azərbaycanın müstəqil siyasi iradəsinə təsir edə bilməz, Azərbaycan indi xaricdən gələ biləcək təzyiqləri dəf etmək üçün daha güclüdür və buna müqavimət göstərə bilir".
Qiymət Mahir