Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq- ÖZƏL

"Azərbaycan Prezidenti həm Ermənistanın, həm də onun arxasındakı qüvvələrin ölkəmizə qarşı iyrənc planlarından xəbərdardır. Ona görə də, dövlət başçısı Ermənistana açıq mesaj göndərdi ki, belə təhlükəli oyunlara qoşulmasın, "Dəmir yumruq" yerindədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacaq. Ermənistan hesab etməsin ki, o, təkcə kapitulyasiya aktına imza atmaqla bu məsələdən qurtarıb. İrəvan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmə qarşısında cavab verməli, dəymiş ziyana görə kompensasiya ödəməlidir. Dövlət başçısının Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31