"Danışılmış döyüş", yoxsa....

Həsən Nəsrullahın öldürülməsi Yaxın Şərqdə hadisələrin inkişafını qeyri-müəyyən istiqamətə yönəldib. Hizbullahın taleyi necə olacaq, İran necə cavab verəcək, İsrailin növbəti addımı nə ola bilər kimi suallar beynəlxalq ictimaiyyəti narahat etməkdədir. Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Hizbullahın gücü Nəsrullahın yoxluğunda qruplaşmanın mövcudluğunu saxlayacağı fikrini önə çıxarsa da, ciddi itkilərin olacağı qaçılmazdır: "1992-ci ildən qruplaşmaya rəhbərlik edən Nəsrullah birləşdirici fiqur idi, həm də təkcə Hizbullahda və Livan siyasətində yox, həm də İranın "müqavimət oxu" adlandırdığı coğrafiyada həlledici gücə malik idi. Onun yoxluğunda Hizbullahın gələcəyi sual altına düşür, məsələ qruplaşmanın mövcud olub-olmaması yox, Livan siyasətində və "müqavimət oxu"nda nə qədər təsiredici olacağıdır. Burada əsas problematika yeni liderin kimliyidir. Nəsrullahın varisi kimi əmisi oğlu Haşim Safiəddinin adı çəkilir. Onun qruplaşmadakı nüfuzu, eləcə də İranla bağlantıları (Qumda təhsil alıb, Qasım Süleymaninin qızı ilə evlidir) Xameneinin də dəstəyini alacağı deməkdir və o, Hizbullahda bəzən Tehran üçün maneələr yaradan "ərəb millətçiliyi"nin rantını da aşağı sala bilər. Hərçənd, Haşim Safiəddindən səs çıxmır. Texniki olaraq, Nəsrullahın ölümündən sonra Hizbullahın Şurası toplanması və yeni lideri seçməli idi. Bunun hələ də baş verməməsi bombalanma zamanı Nəsrullahla birlikdə qruplaşmanın bir çox liderinin də öldürülmə ehtimalıdır. Bu amil də Hizbullahın gələcəyinə təhdidlər yaradır". 

Haniyənin ölümündən sonra olduğu kimi, bu dəfə də diqqətlər İranın üzərinə yönəlib. Artıq İrandan cavab reaksiyası gəldi, İsrail ərazilərinə 500-ə qədər ballestik raket atıldı. Ekspert hesab edir ki, İran hücumu davam etdirəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq: "Adekvat addım atılmasa, İran xüsusilə "müqavimət oxu" coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər; Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz "cavabın verilməməsi" üzərində fikir ayrılığı yaranmışdı, bu "uçurum"un dərinləşəcəyi ehtimalı böyükdür. Bu dəfə zərbənin birbaşa Hizbullaha vurulduğunu nəzərə alanda, qruplaşmanın İrandan "cavab" tələbi daha da kəskinləşib. Bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır. Lakin birbaşa cavab zərbəsi beynəlxalq koalisiya ilə üzləşmək təhlükəsini yaratdığı üçün Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini Hizbullah vasitəsilə vurmaq xəttinə üstünlük verir, hərçənd, bu onun "müqavimət oxu"nda təsir imkanlarına yenə də risklər yaradır. İran hazırda "pis" və "ən pis" arasında seçimlə üzləşib. Bu, İsrailin arzuladığı situasiyadır. İranın birbaşa müdaxiləsi İsrailə ABŞ başda olmaqla beynəlxalq koalisiya yaratmaq, geri çəkilməsi isə Tehrana bağlı proksi qüvvələrin sıradan çıxarılması istiqamətində daha da irəliləmək imkanı verir. Artıq İsrail Livanda, xüsusilə şimal sərhədlərinə yaxın ərazilərdə Hizbullah mövqelərinə qarşı quru əməliyyatına başlayıb. Peycerlərin sıradan çıxarılması mümkün müdaxilə planının tərkib hissəsi kimi görünürdü və məqsəd quru əməliyyatında qruplaşma üzvləri arasındakı koordinasiyanı pozmaq olub. Çünki Nəsrullah bu ilin fevral ayında İsrailin izləməsi təhlükəsinə qarşı qruplaşma üzvlərinə mobil telefondan istifadəni qadağan etmişdi, əvəzində xaricdən sifariş verilən 5 min peycerdən istifadə olunurdu. İsrail peycerləri partlatmaqla Hizbullahın koordinasiyana ziddi zərər vurdu və bu, mümkün quru əməliyyatında effektiv ola bilər".

Artıq İsrailin Livanda quru əməliyyatlarına başladığına dair məlumatlar yayılıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də təsdiq edib ki, "İsrail bizə sərhəd yaxınlığında Hizbullah obyektlərinə qarşı məhdud əməliyyatlar keçirdiyini deyib". Beləliklə, İsrailin Livana qarşı üçüncü müharibəsinə start verilir, yaxud daha genişmiqyaslı hücumdan öncə ilkin addımlar atılır.Haniyə İranda öldürüləndə İsrailin bununla Həmasla mübarizəni başa çatdırdığını və "şimal cəbhəsini" açacağı deyilirdi. Peycer əməliyyatı ilə koordinasiyası pozulan Hizbullahın Nəsrullahın öldürülməsindən sonra "başsız" qalması İsrailin planlaşdırılan quru əməliyyatın tərkib hissəsi idi. İndi əsas sual bu əməliyyatın hansı səviyyədə olacağıdır: 1982-ci il və ya 2006-cı ilə müharibəsi kimi, yoxsa tamamilə fərqli: "1982-ci ildə İsrail üç istiqamətdə Livana hücum edərək, Beyrutu mühasirəyə almışdı. Bu hücum həm də Livanda vətəndaş müharibəsinin nəticəsi olan qanlı "Səbra" və "Şətila" qətliamı ilə tarixə düşdü. 2006-cı il hücumu daha məhdud səviyyədə reallaşmışdı. Üçüncü müharibənin də 2006-cı il hücumuna bəzər olacağı gözlənilir.
İsrailin bu hücumda iki cari hədəfi var. Şimal sərhədlərində - Livanın cənubunda Hizbullahın mövqelərini sıradan çıxarmaq; Qruplaşmanı Litani çayının (Nəhr əl-Litani) şimalına - İsrailin şimal bölgəsinə raket zərbələrinin çatmayacağı məsafəyə qədər sıxışdırmaq. Buna nail olacağı, ən azı Hizbullahı şimal sərhədlərindən uzaqlaşdıracağı gözləntisi çoxdur. Hərçənd, müharibə arelanın genişlənməsi riskləri də var. Bu, daha çox Hizbullah və İranın hansı səviyyədə cavab verəcəyindən asılıdır. Mövcud vəziyyətdə nə Tehran, nə də qruplaşma genişmiqyaslı müharibədə o qədər də maraqlı görünmür. Belə vəziyyət Təl-Əvivin bir, ya bir neçə günlük əməliyyatla şimal sərhədlərinin təhlükəsizliyini təmin edərək, dayanacağı gözləntisini önə çıxarır, lakin o da istisna deyil ki, müqavimətin olmaması İsraili daha da irəli getməsinə zəmin yarada bilər. Şimal sərhədlərində Livan əraziləri hesabına bufer zonanın yaradılması belə ssenarilərdən biridir".

Xatırladaq ki, İranın İsrailə raket hücumu ilə "aprel ssenarisi"ni təkrarladı, yeganə fərq bu dəfə zərbənin müəyyən qədər güclü olmasıdır, hərçənd, nəticə dəyişmədi. Atılan 500-dən çox raketin ciddi zərəri yoxdur. Belə halda İranın qarşısında dağıdıcı olacaq iki seçim var: ya İsrailin hücumları qarşısında geri çəkilməli və bölgədəki təsir rıçaqlarının zəifləməsini müşahidə etməli; ya da İsrailə qarşı regional toqquşmaya və daha güclü cəbhə ilə üzləşməsinə səbəb olacaq müharibəyə başlamalıdır: "İran bu ikisini yox, üçüncünü - "qisas görüntüsü" yaratmağı seçir. Bununla İsrailin məqsədinin-İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasının reallaşmasına imkan vermir, yaxud ən azı zaman qazanır. Eyni zamanda, bölgədə  "müqavimət oxu"nda liderliyinin zədələnməməsinə çalışır. Hər şey "danışılmış döyüş"ə bənzəyir, lakin tərəflər İran və İsrail yox, İran və ABŞ-dir. Tehran bu hücumla həm də Vaşinqtonun İsrailin qaşısını alacağına ümid edir, ABŞ da İsraili nəzarətdə saxlayır. Hadisələrin inkişafını İsrailin addımları müəyyənləşdirəcək. Aprel hücumunda İran gücünü göstərməklə yanaşı, gərginliyi azaltmağı hədəfləyirdi və müəyyən qədər buna nail oldu da. Lakin İsrailin Haniyə və Nəsrullaha sui-qəsdi, ardınca Livana müdaxiləsi eskalasiyanı yenidən "diriltdi". İran yenə "qisas zərbəsi" ilə İsrailin qarşısını almağa, gərginliyi azaltmağa çalışsa da, Təl-Əvivin Tehranı eskalasiyaya cəlb etmək hədəfindən geri çəkilmədiyi görünür. Bu baxımdan, İsrailin İrana hücumlarının iki istiqamətdə olacağı gözləntisi önə çıxır. Birincisi, İranla gərginliyi saxlayaraq, "təhdid" kimi gördüyü proksi qüvvələrinə - Hizbullah, Suriyadakı milis dəstələri, husilər - qarşı əməliyyatlar davam edəcək;
İkincisi, İranın nüvə obyektləri də daxil olmaqla hərbi infrastrukturuna zərbələr endiriləcək;
Bu iki ssenaridən birincisi daha real görünür, çünki İranın "müqavimət oxu" adlandırdığı qüvvələr sıradan çıxarılmadığı, yaxud minimallaşmadığı müddətdə onunla birbaşa müharibənin başlanması İsrail və müttəfiqləri üçün o qədər də effektli olmaya bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31