Ermənistanın sürətlə silahlanması qlobal müstəvidə ağır nəticələr verəcək - ÖZƏL
7 Mart 2024 14:37 Siyasət"Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana səfəri sıradan səfər deyil".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Xüsusilə də son dövrlər Ermənistanın silahlanma prosesini biz müşahidə edirik. Özü də sürətlə silahlandırılır və bu təkcə silahlandırma ilə bitmir. Həm də Fransanın Milli Jandarma generalının Ermənistana səfəri, Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə gəlib, orada durbin ilə Azərbaycan ərazisini izlənməsi də təsadüfi hal deyil. Eyni zamanda, Avropa İttifaqından Ermənistanı müdafiə edən açıqlamaların verilməsi, Hindistanın qanadlı raketlərinin alınması və digər məsələlər, bunlar hamısı təsadüfi hal deyil. Mən hesab edirəm ki, bunlar məqsədyönlü şəkildə hadisələri yenidən qızışdırmağa çalışan qüvvələrin həyata keçirdiyi planın tərkib hissəsidir.
Əlbəttə, biz görürük ki, Ermənistan, Fransa, Hindistan, Yunanıstan dördlüsü artıq məsələni daha ciddi, daha kəskin müstəviyə çıxarmağa çalışır. Yəni görünən ondan ibarətdir ki, Ermənistanı bir revanşa hazırlamaq istəyirlər, bu açıq görsənir. İndi bunun təbii ki, bölgəyə çox ciddi ziyanı ola bilər.
Təbii ki, Azərbaycan da boş dayanmır. Azərbaycanın özünün ordu sistemi kifayət qədər güclüdür və bu prosesi yenə də davam etdirir və Azərbaycanın nə zamana kimi ordusunu möhkəmləndirəcəyi isə məlumdur. Yəni nə zaman ki, bölgəyə sülh gələcək, tam Ermənistanla sülh və əmin-amanlıq şəraitinə keçəcəyik, o zaman da Azərbaycan öz işlərini səhmana salacaq.
Mən hesab edirəm ki, Ermənistanın sürətlə silahlanması Ermənistanı Azərbaycana qarşı yeni bir təxribata, yeni bir müharibəyə sövq etməkdən ibarət olan bir siyasət kimi dəyərləndirilməlidir və atılan addımlar məhz ona hesablanıb. İstər Hindistanın canfəşanlığı, istər Fransanın, istər Yunanıstanın, bunlar görünəndir və təsadüfi deyil ki, 2020-ci il ikinci Qarabağ savaşında da yunan generallarının Ermənistana səfəri və Ermənistanda erməni ordusuna müəyyən təlimlər keçmək cəhdləri və s. bunlarla bağlı mediada bəzi məlumatlar paylaşılmışdı, yayılmışdı. Yəni əzəli formada bu proses həyata keçirilib və bu gün də bunu davam etdirirlər.
Mən hesab edirəm ki, əgər Fransa, Ermənistan, Yunanıstan və Hindistan dördlüsü burada, xüsusilə də üç ölkə - Fransa, Hindistan və Yunanıstan Ermənistanı sürətlə silahlanacaqsa, nəticəsi təkcə bölgə, yəni Ermənistan-Azərbaycan üçün deyil, ümumilikdə region üçün və bəlkə də qlobal müstəvidə ağır nəticələr verəcək. Yəni son nəticəsi daha ağır ola bilər".