Xalqımız Xankəndiyə qayıtdıqda separatçıları xatırladan heç bir izi görməyəcəklər-Kazım Kazımov- ÖZƏL
7 Mart 2024 14:13 Siyasət"Xankəndi şəhərində hansısa tədbirlərin keçirilməsi, inzibati dəyişikliklərin edilməsi və hansı binaların sökülüb, hansıların tikilməsi tamamilə Azərbaycanın işidir".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Çünki, bu hüquqi olaraq Azərbaycan torpağıdır. Azərbaycanın burada hakimiyyəti tamamilə bərqərar olmuşdur. Hətta işğal dövründə də hüquqi Azərbaycan torpağı olaraq qalmışdır. Ancaq işğal dövründə de-faktoya əlimiz çatmadığı üçün separatçı qüvvələr şəhərdə istədiyi kimi "at oynada" bilirdilər. Bilirik ki, Xankəndinin baş planı mərhum Ulu Öndərin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə hazırlanmışdır. Bu plana, bugünki dövrə uyğun olaraq bəzi dəyişikliklər edir. Həm də işğalın xatırladılması məsələsi var. Xankəndidəki dırnaqarası erməni parlamenti və digər separatçıların inşa etdiyi binalar bizə işğal dövrünü xatırladırdı. Əslində, şəhərin memarlığına uyğun olmayan çirkin binalar idi deyə bilərik. Buna görə də Azərbaycanın burada apardığı işlər işğaldan sonrakı dövrə uyğundur. Hüquqi olaraq da bu çox doğru addımdır. Digər tərəfdən də nəyə görə şəhərdə hər hansısa terrorçuların inşa etdirdiyi binalar qalmalıdır ki? Xankəndiyə qayıdacaq olan əhalimizdə necə bir hiss oyandıracaqdır? Onlar yenə o işğalı xatırlayacaqlar. Bunları isə xatırlamağa ehtiyac yoxdur. Çünki, Azərbaycan həm antiterror tədbirləri ilə, həm də 44 günlük Vətən müharibəsi ilə bölgədə tamamilə yeni bir ağ səhifə açmışdır. Bu gün Azərbaycan o səhifənin üzərində öz imzasını atır. Bu səbəbdən də Azərbaycanın orada bir dəyişikliklər aparması tamamilə uğurlu addımdır. Ümud edirik ki, inşallah oradakı tikinti-abadlıq işləri ən qısa zamanda sürətlə sonlanacaq və xalqımız Xankəndiyə qayıtdıqda separatçıları xatırladan heç bir izi görməyəcəklər".