Fransa, Yunanıstan, Hindistan kimi dövlətlər Ermənistanı sülh prosesini uzatmağa sövq edirlər - ÖZƏL
7 Mart 2024 14:04 Siyasət"Əlbəttə ki, Ermənistanın bir dövlət olaraq öz müdafiə gücünü artırması təəccüblü deyil, bunu normal qarşılaya bilərdik. Amma görünən odur ki, Ermənistanı həqiqətən də təcavüzkarlığını davam etdirə biləcək səviyyədə tutmağa cəhd göstərən dövlətlər var. Yəni bunlar Fransa, Hindistan, Yunanıstandır. Yeri gəlmişkən deyək ki, Yunanıstan və Fransa uzun müddət Ermənistanla tərəfdaş olub, Ermənistana bütün platformalarda dəstək verib. Amma Hindistan da son illərdə bu dəstəyə qoşulub və faktiki olaraq Azərbaycan dövlətinə qarşı cəbhədə yer alır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan bundan narahatdırmı? Təbii ki, ciddi narahatlığımız yoxdur. Ona görə ki, Ermənistanı nə qədər silahlandırsalar da, erməniləri nə qədər öyrətsələr də, təlimdən keçirsələr də, onlar bizim qarşımıza çıxa biləcək bir orduya və hərbi qüdrətə sahib ola bilməyəcəklər. Ondan savayı, Ermənistana silah-sursatın daşınması üçün də, özəlliklə də Fransanın yolları bağlıdır. Yəni Fransa ya Qərbin sanksiyalarını aşaraq, İranla işbirliyi edib Ermənistana silah - sursat aparmalıdır, ya da ki, Türkiyə, Azərbaycan və ya Gürcüstan üzərindən bunu etməlidir. Təbiidir ki, bunların heç biri mümkün olan deyil.
Digər tərəfdən Yunanıstan da eyni durumdadır. Yəni Avropa Birliyinin üzvü, NATO-nun üzvü olaraq İran üzərindən Ermənistan üçün nəsə edə bilməyəcək. Qalır Hindistan, Hindistan da Pakistanı aşaraq, yaxud da ki, su yolu ilə İrana silahlar daşıması ehtimalı var. Təbii ki, Pakistan üzərindən bunu etmək mümkün deyil. Su yolundan İrana, İrandan da quru yolu ilə Ermənistana nələrsə daşıya bilərlər. Amma nəzərə alaq ki, Hindistanın Ermənistana gətirəcəyi yaxud satacağı, bağışlayacağı silah-sursat yenə də işə yarayan deyil. Yəni bütün bunlar Azərbaycanı o qədər də narahat eləmir. Sadəcə olaraq, Ermənistanın bu vəziyyətdə belə bu qədər çabalaması, bu qədər silahlanmaya meyillənməsi onun özünə zərərdən başqa heç nə gətirməyəcək və Ermənistanı da bizə qarşı silahlandırmaq istəyənlər böyük təəssüf hissi ilə qarşılaşmalı olacaqlar. Yəni onların heç bir istəyi, iddiası baş tutmayacaq. Bütün bunlar bizim üçün ciddi narahatlıq mənbəyi deyil. Sadəcə olaraq bir şeyə təəssüflənirik ki, belə hadisələr iki dövlət və iki xalq arasında sülh prosesinə əngəl olur. Yəni bu proses daha tez yekunlaşa bilərdi. Amma Fransa, Yunanıstan, Hindistan kimi dövlətlər Ermənistanı prosesi uzatmağa sövq edirlər. Ona görə də Azərbaycan gərəkli addımları atmalıdır. Fransa ilə bağlı o addımlar artıq atılır. Dünyada fransız müstəmləkəçiliyi ilə bağlı Azərbaycan əməlli başlı hərəkətlənməyə səbəb səbəb olub.
İkinci bir məsələ isə Yunanıstana da yerini göstərməkdir. Biz mənə elə gəlir ki, Kuzey Kıprıs Türk Cümhuriyyətini tanıyaraq Yunanıstana səhv yolda olduğunu başa sala bilərik.
Hindistana gəlincə, Cəmu və Kəşmir məsələlərində Azərbaycanın mövqeyi birmənalıdır. Ona görə də Hindistan da öz yanlışından geri çəkilsə, yaxşı olar".