Ermənistanın Fransa, Yunanıstan, Kipr və Hindistanla əməkdaşlığı heç bir halda sülhə xidmət etmir - ÖZƏL

"Tamamilə aydındır ki, Ermənistan sülh istəmir və Azərbaycanla da sülh danışıqlarının heç bir halda yekunlaşdırılmasında maraqlı deyil, sadəcə imitasiya eləyir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Guya sülh sazişinin mətninin hazırlanması üzərində iş gedir. Amma əslində bütün addımlar sülh sazişinin imzalanması yolunda yeni-yeni mübahisəli məsələləri ortaya qoymaq və prosesi uzatmağa yönəlib. Ermənistan sülh sazişinin imzalanmasına qədər revanş siyasətinin həyata keçirilməsini artıq özünün bir prinsipi kimi götürüb. Sülh sazişinə qədər revanş siyasəti - bu gün Ermənistanın dövlət siyasəti bu prinsipə söykənir və Ermənistan revanşı əsasən üç istiqamətdə həyata keçirir. Birincisi, Azərbaycana qarşı müəyyən iddiaların, ərazi iddialarının və siyasi iddialarının ortaya qoyulması. İkincisi, Rusiyanın təsir dairəsindən çıxmaq. Üçüncüsü, Qərb strukturları ilə inteqrasiya etmək. Bunların həyata keçirilməsi üçün Ermənistan sürətlə silahlanma yolunu əsas götürüb. Artıq müdafiə, təhlükəsizlik sahəsində bir sıra addımlar atıb. Müəyyən dövlətlərlə müdafiə, təhlükəsizlik və silah alınması sahəsində sazişlər də var. Biz artıq indiyə qədər rəsmi qaydada bir Yunanıstan-Kipr-Ermənistan hərbi əməkdaşlıq blokunun ittifaqının əlamətlərini görürük. Bu istiqamətdə addımlar atılıb. Son vaxtlar, xüsusilə, də son bir neçə ildə Fransada fəal şəkildə buna qoşulub, Ermənistanı silahlandırır, Hindistan da bura qoşulub. Beləliklə də bu gün Ermənistanın hərbi militarizasiya siyasəti yolunda ən azı dörd dövlətdən ibarət bir ittifaq halında getdiyini görürük. Bunlar Yunanıstan, Kipr, Fransa, Hindistan və Ermənistanın özüdür.
Əlbəttə, bu siyasət bölgə üçün yaxşı heç nə vəd etmir. Çünki bu bölgənin təhlükəsizlik sxemləri göstərilən ölkələrin heç biri üçün doğma sxemlər deyil. Elə həmin ölkələr bu bölgədəki təhlükəsizlik sxemlərinin dağıdılmasını da özlərinə hədəf seçiblər. Çünki əsas məqsəd Rusiyanın bu bölgədə üstün rolunu heçə endirməkdir və Rusiya ilə anlaşılma münasibəti içində olan Azərbaycana qarşı da təbii ki, müəyyən addımların atılması. Ona görə də Ermənistan adını çəkdiyiniz həmin ölkələri bölgəyə gətirməkdə nə qədər israr edirsə, bu o deməkdir ki, bölgəni yeni gərginliyə aparır. Ermənistanın həm silahlanması, həm də bayaq deyilən ölkələrlə - Fransa, Yunanıstan, Kipr və Hindistanla hərbi-texniki əməkdaşlığı heç bir halda sülhə və əmin-amanlığa xidmət etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31