Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi qadınların hüquqlarının qorunması məsələsidir-Yusif Bağırzadə- ÖZƏL

Azərbaycan dünyəvi dövlət olaraq 8 mart - Beynəlxalq Qadınlar gününü rəsmi bayram kimi qeyd edir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişlər". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a olan açıqlamasında bildirib:

"Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Azərbaycanda dövlət qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, lider qadınlar yetişdirirdi. Belə xanımlardan biri də, Birinci vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
  Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi qadınların hüquqlarının qorunması məsələsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Ölkədə qadın hüquqlarının təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalanmışdır.
Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-ci ildə "2000-2005-ci illər üçün Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul etmişdir.
Ulu Öndərin siyasətinə sadiq qalan və onu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Qadınlar kişilərlə eyni hüquqa malik olduqlarını təsdiq edən "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Mən də fürsətdən istifadə edərək bütün qadınları Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir, onlara xoşbəxtlik, səadət və uğurlar arzulayıram".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31