Azərbaycan etibarlı tərəfdaş kimi tanınıb- ÖZƏL
7 Mart 2024 12:04 Siyasət"Bu gün beynəlxalq aləmdə sabit ölkə və etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Dünyanın inkişaf etmiş dövlətləri qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qururlar". "Olaylar"ın məlumatına görə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib:
"Dövlət Başçısı nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daim Azərbaycanın regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış etdiyini bütün dünyaya çatdırır. Azərbaycan Prezidenti, Qalib Lider İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasət regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Dünya dövlətlərinin yekdil qərarı ilə bu il COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsi də öz növbəsində ölkəmizin həyata keçirdiyi enerji layihələrinə, ümumilikdə enerji siyasətinə yer kürəsində verilən qiymətin bariz göstəricisidir".