Ermənistan Bakının maraqları nəzərə alınmadan Ankara ilə münasibət qurmaq istəyir- ÖZƏL

"Antalya Diplomatiya Forumunda xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndə Ruben Rubinyanla təmsil olunan Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib:
"Forum çərçivəsində Mirzoyan və Rubinyan bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı. Ankaranın fikrini dəyişdirməyə ümid etdikləri üçün Antalya Forumuna yüksək səviyyədə qatılırlar. Çünki Ankara mövqeyini dəyişmədiyi müddətdə Ermənistan Azərbaycan-Türkiyə çəmbərindən çıxa bilməyəcək və bu ölkə üçün ən məqbul perspektiv Bakının gündəliyini qəbul etmək olacaq.
Türkiyə isə ən yüksək səviyyədə Ermənistana növbəti dəfə izah etdi ki, həm kommunikasiyanın açılması (Zəngəzur dəhlizi layihəsi), həm də sülh sazişi məsələsində Bakının mövqeyi Ankara üçün "yol xəritəsidir". Forumun açılış mərasimində çıxış edən Ərdoğan da bəyan etdi ki, "Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya ilə davam etdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31