Azərbaycan uzaqgörən və düşünülmüş siyasi xətt yürüdür- İlyas Hüseynov-ÖZƏL

"Avropa Parlamentinin ölkəmizə qarşı sanksiya çağırışı və qəbul etdiyi qətnamə ilə bağlı mülahizələr uzun müddət irəli sürülürdü". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a  açıqlamasında bildirib:

"Xüsusilə, ermənilərin dəstəyi ilə həyata keçirilən kampaniyanın bir tərkib hissəsi kimi özünü göstərirdi. Müxtəlif media orqanlarında buna dair fikirlər aşılanırdı, nəhayətdə biz Avropa İttifaqının bu ikili standartlardan və bu qərəzli münasibətdən doğan mövqeyini də seyr etdik. Ona görə də düşünürəm ki, bu prosesin arxasında duran şəxslərə diqqət yetirmək lazımdır. Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və Azərbaycana qarşı çağırışları erməni lobbisini maliyyələşdirən şəxs brilyamt qaçaqmalçısı Kaspar Karapetyan dayanır. Karapetyan uzun illər ərzində ölkəmizə qarşı fəaliyyət göstərib. Korrupsiyaya bulaşmış şəxsləri ələ almaqla ölkəmizə qarşı qərəzli münasibətin daha da inkişaf etməsinə çalışıb. Düşünürəm ki, Azərbaycana qarşı çıxan deputatlar Avropa Parlamentində də eyni mövqedən çıxış edən şəxslərdir. Onların kimliyi, simaları, adları dəyişməz olaraq qalır. Ölkəmizə qarşı islamafob, rasist, türkafob zehniyyətdən çıxış edirlər və neokolonial təfəkkürü bir qədər də inkişaf etdirməklə məşğuldurlar. Onlar yeni səlib yürüşünə çıxıblar. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Lakin çox danışırlar ki, Bakı ilə Brüssel arasındakı münasibətlərə zərbə vursunlar. Digər tərəfdən həm də ölkəmizin neft-qaz strategiyasına, enerji diplomatiyasına da zərər vurmaq əsas məqsədləridir. Düşünürəm ki, bu məqsədlərə çata bilməyəcəklər. Anlamalıdırlar ki, Qərbin mütləq monopoliya dövrü başa çatıb və bu cür populizm elementlərinə heç bir yer yoxdur və xeyri də olmayacaqdır. Azərbaycan uzaqgörən və düşünülmüş siyasi xətt yürüdür. Ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərqərar etdikdən sonra ölkəmizə qarşı bu cür təhdidlər və hücumlar çoxalıb. Mənə elə gəlir ki, bu hücumların qarşısında da Azərbaycan dik duracaq və hər hansısa çağırışlar heç bir nəticə verməyəcəkdir. Azərbaycan da öz qalibiyyət yoluna davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31