NATO-ya savaş açmaq indiki halda intihara bərabərdir-Yusif Bağırzadə- ÖZƏL

"Avropanın ayrı-ayrı aparıcı Kütləvi İnformasiya Vasitələrində Rusiyanın NATO-ya hücum planı ilə bağlı məlumatların dövriyyəyə buraxılması daha çox daxili auditoriyaya və Ukraynaya dəstək verməkdən imtina edən dövlətləri çəkindirmək məqsədi daşıyır".

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a olan açıqlamasında bildirib:

"Məlumdur ki, bir sıra dövlətlərdə ölkənin maliyyə imkanlarının və silah sursatının davamlı şəkildə Ukraynaya göndərilməsinə xalq tərəfindən etirazlar hər gün artmaqda davam edir. Bir qism dövlətlər isə ümumiyyətlə bu dəstəyin faydasının olmadığını və ölkənin iqtisadiyaytına mənfi təsir göstərdiyini bildirirlər. Belə olan halda Rusiyanın NATO-ya hücum planı ilə bağlı ümumi xofun yaradılması həmn narazıları neytrallaşdırmaq məqsədi daşıyır. 
Ukrayna bataqlığında ilişib qalmış və bütün imkanlarının əsfərbər etməsinə baxmayaraq 2 ildən artıqdır ki, nəticə əldə edə bilməyən Rusiyanın NATO-ilə birbaşa münaqişəyə girməsi mümkün görünmür. Rusiya bunun nə qədər ağır nəticələrə səbəb ola biləcəyini kifayət qədər yaxşı başa düşür. Bu gün NATO və kollektiv Qərb Ukraynaya hər nə qədər dəstək versələr də birbaşa hərbi qarşıdurmada iştirak etmirlər. Hər hansı NATO ölkəsinə hücum isə bu dövlətlərin Rusiyaya qarşı ümumi hücumu ilə nəticələnər. Odur ki, Rusiyanın belə şərtlər daxilində bütün NATO ölkələrini öz üzərinə çəkəcəyi inandırıcı deyil.
Təbii ki, NATO-nun Ukraynaya aktiv dəstəyi fonunda Rusiya da müəyyən addımlar atmaq üçün hərəkətə keçə bilər. Məsələn, Qərb cəmiyyətini parçalamaq üçün media və sosial şəbəkələrdə kütləvi dezinformasiya kampaniyasına başlaya, ayrı-ayrı dövlətlərin strateji obyektlərinə qarşı kiberhücumlar həyata keçirə bilər. Və ya güc göstəricisi olaraq özünün NATO sərhədlərində hansısa hərbi təlimlər də keçirə bilər. Amma birbaşa hərbi qarşıdurma və birbaşa harasa hücum inandırıcı deyil. Bir tək Ukrayna ilə savaşda donanmasının 25 faizini, həmçinin 3000-ə yaxın tank, 1500-ə yaxın artilleriya qurğusu və 5000-dən çox zirehli döyüş maşını itirən bir dövlət üçün NATO-ya savaş açmaq indiki halda intihara bərabərdir. 
Əslində NATO dövlətlərinin özü də Rusiyanın belə bir ağılsızlıq etməyəcəyini yaxşı bilir. Elə dünən Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Entoni Radakin öz açıqlamasında "Rusiya hər nə qədər təhlükəli ölkə olduğunu nümayiş etdirsə də NATO ilə müharibə istəmir" açıqlaması ilə bunu bir daha təsdiq edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31