Ermənilərin Xocalıda törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb- ÖZƏL

"Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda qəhrəmanlıq dolu tariximizin faciəli səhifələrini vərəqləyir, onların unudulmamasına çağırışlar edilir, beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəaliyyətimizi davam etdiririk". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 32-ci  ili tamam olur. Əvvəldə də qeyd etdiyimiz kimi, ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə  xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur  düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru  on  minlərlə insanın iştirakı ilə   Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti  dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Bir gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı  indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.  Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31